TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov Omanın paytaxtı Muskat şəhərində 8-ci İllik İnsult Konfransında iştirak edib.
“Oman Stroke Society” tərəfindən təşkil olunan beynəlxalq elmi tədbir çərçivəsində insult sahəsində müasir diaqnostika və müalicə yanaşmaları, profilaktika tədbirləri və sonrakı idarəetmə mexanizmləri müzakirə edilib, müxtəlif ölkələrin klinik təcrübələrinin paylaşılması və qabaqcıl müalicə modellərinin tətbiqi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Hindistan, Çin, ABŞ, Kanada, Misir, İran, Türkiyə və bir sıra Avropa ölkələrindən tanınmış nevroloqlar, neyrointervensiya mütəxəssisləri və alimlər iştirak ediblər.
Azərbaycanı təmsil edən müşavir P.Əkbərov konfransda spiker qismində çıxış edərək, ölkəmizdə insultun diaqnostikası, müalicəsi və reabilitasiyası sahəsində tətbiq olunan müasir yanaşmalar, xüsusilə reanimasiya mərhələsindən etibarən robotik reabilitasiya texnologiyalarının klinik praktikaya inteqrasiyası, pasiyent mərkəzli xidmət modeli və multidisiplinar komanda yanaşması barədə ətraflı məlumat verib.
Çıxış zamanı P.Əkbərov “Reanimasiya şöbəsində robotik reabilitasiyanın tətbiqi” və “Azərbaycanda insult xidmətinin təşkili və idarəolunması üzrə yol xəritəsi” mövzularında təqdimatlarla çıxış edərək ölkəmizdə insult üzrə xidmətlərin mərhələli şəkildə qurulması, xəstəxanadan əvvəl və xəstəxanadaxili xidmətlərin inteqrasiyası, eləcə də erkən reabilitasiya imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri iştirakçıların diqqətinə çatdırıb.
P.Əkbərov Mərkəzin fəaliyyəti, insultdan sonra Reanimasiya və intensiv terapiya şöbəsində erkən reabilitasiyanın əhəmiyyəti, bu mərhələdə robotik texnologiyaların tətbiqinin funksional bərpanın sürətləndirilməsində rolunu vurğulayıb.
Tədbir zamanı akut işemik insultun müalicəsində intravenoz tromboliz və endovaskulyar trombektomiya üsulları, intrakerebral və subaraknoid qanaxmaların diaqnostika və müalicə prinsipləri, eləcə də akut mərhələdə neyroloji görüntüləmə və damar müdaxilələri geniş şəkildə müzakirə edilib.
Bununla yanaşı, insultdan sonrakı dövrdə reabilitasiya, neyroplastiklik, epilepsiya və digər nevroloji ağırlaşmalar, həmçinin insultun profilaktikası, risk faktorlarının – xüsusilə hipertoniya, şəkərli diabet və kardiovaskulyar problemlərin – idarə olunması və “stroke care system” yanaşması proqramın əsas mövzuları sırasında yer alıb.
Debat formatlı sessiyalardan ibarət olan konfransda TNK (Tenekteplaz) və TPA (Alteplaz) kimi trombolitik preparatların müqayisəsi, kiçik damar xəstəlikləri və klinik praktikada mübahisə doğuran qərarlar açıq şəkildə müzakirə edilərək, iştirakçılara real klinik qərarvermə yanaşmalarını dəyərləndirmək imkanı yaradılıb.
Konfransın son günündə səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və insult üzrə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Oman Stroke Society” ilə TƏBİB arasında Anlaşma Memorandumu imzalanıb.
Dünya İnsult Təşkilatının eksperti Dr. Amal Al Hashmi və Pərvin Əkbərovun iştirakı ilə imzalanan memorandum tərəflər arasında uzunmüddətli və strateji əməkdaşlıq çərçivəsinin formalaşdırılmasını nəzərdə tutur.
İmzalanmış Anlaşma Memorandumu insult sahəsində fəaliyyət göstərən tibbi mütəxəssislərin bilik və bacarıqlarının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, davamlı tibbi təhsil proqramlarının təşkili, elmi tədqiqat və təlim fəaliyyətlərinin həyata keçirilməsi, habelə xəstəxanadan əvvəl və xəstəxana sonrası tibbi xidmətlərin təhlükəsizliyinin və effektivliyinin artırılması istiqamətlərində əməkdaşlığı əhatə edir. Bu çərçivədə fövqəladə tibbi yardım, paramedik hazırlığı və klinik səriştələrin gücləndirilməsi sahələrində birgə fəaliyyətlərin icrası razılaşdırılıb.
Anlaşma Memorandumunun imzalanması tərəflərin qarşılıqlı etimada əsaslanan əməkdaşlıq niyyətini rəsmiləşdirməklə, insult sahəsində ölçülə bilən, nəticəyönümlü, dayanıqlı birgə fəaliyyətin qurulması üçün hüquqi və institusional baza yaradılmasına xidmət edəcək.
Danışıqlar zamanı 2026-cı ilin sonuna kimi ölkəmizdə fəaliyyət göstərən bir sıra tibb müəssisələrinin Dünya İnsult Təşkilatı tərəfindən akkreditasiya olunma məsələləri müzakirə olunub.