“Qarabağ”ın dayanıqlılıq hesabatı: Hər şey var, ana dil yoxdur
"Qarabağ" futbol klubu regionda ilk dayanıqlılıq hesabatını təqdim etdiyini elan edib. Onların öyrəşdiyi dildə desək — modern corporate management, ESG principles, international standards, social responsibility — bu terminlər fonunda hazırlanan sənəd ilk baxışda müsbət addım təsiri bağışlayır.
Əslində isə burada diqqətdən qaçmamalı olan başqa bir məsələ var: bu hesabat niyə ilk növbədə Azərbaycan dilində deyil?
Söhbət texniki tərcümə məsələsindən getmir. Söhbət yanaşmadan gedir. “Qarabağ” sıradan klub deyil. Bu komanda illərlə təkcə Ağdamı yox, bütöv ölkəni təmsil edib. Azərbaycanın ən emosional futbol brendinə çevrilib. Bu klubun azarkeş bazası Londonda və ya Brüsseldə deyil. On milyonlarla insan bu komandaya Azərbaycan dilində bağlanıb, Azərbaycan dilində sevinib, Azərbaycan dilində kədərlənib. Belə olan halda ortaya haqlı sual çıxır: əgər bu hesabat Azərbaycan ictimaiyyəti üçün deyilsə, bəs kim üçündür? Son illər Azərbaycanda qəribə korporativ psixologiya formalaşıb.
Bəzi şirkətlər düşünür ki, ingilis dili avtomatik olaraq “qlobal görünmək”, “prestijli olmaq”, “müasir görünmək” deməkdir. Halbuki müasirlik öz auditoriyanı ikinci plana atmaq deyil. Əksinə, inkişaf etmiş brendlər əvvəlcə öz kimliyinə söykənirlər. “Dayanıqlılıq” anlayışının özü də yalnız ekologiya və ya korporativ hesabatlılıqdan ibarət deyil. Mədəni dayanıqlılıq, dil dayanıqlılığı, milli identikliyin qorunması da bunun bir hissəsidir. Özünü Azərbaycan futbolunun simvolu kimi təqdim edən klubun ilk kommunikasiya dili niyə Azərbaycan dili olmur?
Əlbəttə, beynəlxalq auditoriya üçün ingilis versiyasının hazırlanması normaldır. Hətta vacibdir. Problem ondadır ki, bizdə çox vaxt ingilis dili əlavə auditoriya üçün yox, əsas auditoriyadan daha üstün tutulduğu üçün seçilir. Bu isə artıq kommunikasiya yox, münasibət məsələsidir. Bir zamanlar mərhum Abdolbari Gözəlin yaratdığı modeldə daha çox yerli ruh hiss olunurdu.
“Qarabağ” sadəcə korporativ layihə kimi görünmürdü. Klubla cəmiyyət arasında emosional bağ vardı. İndi isə bəzən elə təəssürat yaranır ki, klub sürətlə steril korporativ konstruksiyaya çevrilir. PR dili artır, amma insanlara yaxınlıq azalır. Bu yazı “Qarabağ”ın uğurlarını kiçiltmək üçün deyil. Əksinə, məsələ ondadır ki, ölkənin ən böyük futbol brendi daha həssas davranmalıdır. Çünki simvola çevrilən qurumların məsuliyyəti də böyüyür. Avropaya inteqrasiya etmək vacibdir.
Amma Avropaya inteqrasiya edərkən öz dilinə yuxarıdan aşağı baxmaq inkişaf göstəricisi deyil. Əgər bir klub xalqın komandası olmaq iddiasındadırsa, o xalqın dili heç vaxt ikinci planda qalmamalıdır.

Bu komandanın ən məşhur azarkeşlərindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir — "Qarabağ"ı Azərbaycan futbolunun flaqman komandası hesab edən lider. Həmin lider ki, Azərbaycan dilinin qorunmasını da açıq şəkildə dövlət məqsədi kimi elan edib.
"Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün dilimizi qorumayaq?... Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də, özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm".
Məncə Tahir Gözəl heç olmasa bu sözlərdən sonra ön söz yazdığı hesabatın Azərbaycan dilində də çıxmasına şərait yaratmalı idi. Dilimizi sarsıdan damcılardan biri olmaq əvəzinə, onun qarşısını alanlardan biri kimi mövqe tutardı.
@Post-Media.az


