Bakıda bu mənzillər 10 min manat bahalaşdı - SƏBƏB
İpoteka kreditlərinin verilməsi daşınmaz əmlak bazarında aktivliyə müsbət təsir edib.
Bunu İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.
Onun sözlərinə görə, ipoteka kreditləri xüsusilə mənzillərin bahalaşmasına səbəb olub: “İlin əvvəlində - yəni ipoteka kreditlərinin ayrılmasından əvvəl, xüsusilə “Leninqrad”, “Kiyev” layihəli ikiotaqlı mənzillərin qiyməti 145 min manata idisə, hazırda bu rəqəm 155 min manata çatıb. Yəni ipotekanın açılması mənzillərin qiymətinə 10 min manat civarında təsir göstərib”.
Hazırda da ipoteka kreditlərinin verilməsi prosesinin aparıldığını söyləyən ekspert güman edir ki, bu, iyul ayına qədər davam edəcək:
“Bu il əvvəlki illə müqayisədə ipotekaya müraciət edənlər elə də çox deyil. Niyə azalır? Çünki həm mənzillərin qiyməti qalxır, həm də ipotekanın məbləği cəmi 150 min manata qədərdir. Əvvəl vətəndaşlar 150 min manatlıq keditdən istifadə edərək üçotaqlı mənzil ala bilirdilərsə, bu gün bu, mümkün deyil. Bu gün ipotekaya yararlı birotaqlı mənzillərin qiyməti təqribən 120 min manatdan başlayır. Yeni tikililərdə daha baha qiymətə başa gəlir. Vətəndaşlar əsasən köhnə binalardakı mənzillərlə bağlı ipoteka kreditinə müraciət edirlər. Bu mənzillərə tələb artdığına görə qiymətlərdə də artım olur”.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara limitlər ayrılıb. Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 05 mart 2026-cı il , güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 06 mart 2026-cı ildən başlanılmışdır. 2026-cı il dövlət büdcəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və güzəştli şərtlərlə mənzil əldə edilməsinə dəstək vermək üçün İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

