“ASAN xidmət”də Zəfər coşqusu
7 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar tədbir təşkil olunub.
Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in şəhid və qazi ailə üzvü olan həmçinin müharibə veteranı əməkdaşları ilə görüşüb.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, bu yolda canlarını fəda edən qəhrəman Vətən övladlarının əziz xatirəsi daim ehtiramla yad edilir, qazilərimizlə bağlı məsələlər hər zaman xüsusi diqqətdə saxlanılır.
Görüş çərçivəsində ASAN əməkdaşları - şəhidimiz Kəmaləddin Məmmədzadənin bacısı Ülkər Məmmədova və qazimiz Nəsir Zeyniyev çıxış ediblər.
Eyni zamanda Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filmi nümayiş olunub.
Tədbir çərçivəsində ASAN könüllülərinin ifasında vətənpərvərlik musiqiləri də səsləndirilib.
Şəhid ailə üzvləri, müharibə veteranları və iştirakçıları olan əməkdaşlara Dövlət Agentliyi adından “YAŞAT” Fonduna ianə ilə bağlı sertifikatlar da təqdim olunub.
Xatırladaq ki, "ASAN xidmət"də ümumilikdə 300-ə yaxın şəhid və müharibə veteranı ailə üzvü, müharibə veteranı statusuna malik əməkdaş çalışır.