Azərbaycanın sağlamlıq turizmi potensialı beynəlxalq sammitdə nümayiş etdirilir
Azərbaycan Turizm Bürosu (ATB) 11-13 may tarixlərində Bolqarıstanın Varna şəhərində təşkil olunan “HEALTHXCHANGE SUMMIT 2026” tədbirində iştirak edir.
Avropanın sağlamlıq və spa turizmi sahəsində aparıcı platformalarından biri hesab olunan sammit dövlət qurumlarını, turizm təşkilatlarını, tibbi və rekreasiya sənayesi nümayəndələrini, eləcə də beynəlxalq ekspertləri bir araya gətirir. Tədbir çərçivəsində sağlamlıq turizmində yeni tendensiyalar, innovativ yanaşmalar və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunur.
Sammitdə ATB-nin İdarə Heyətinin sədr müavini Teymur Süleyman-zadə müxtəlif panel sessiyalarında və ikitərəfli görüşlərdə iştirak edərək Azərbaycanın sağlamlıq və tibbi turizm potensialını beynəlxalq tərəfdaşlara təqdim edib. Görüşlər zamanı ölkənin zəngin təbii müalicə resursları, spa və rekreasiya imkanları, həmçinin sağlamlıq turizminin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verilib.
Tədbirdə iştirak Avropa ölkələrində sağlamlıq turizmi sahəsində tətbiq olunan keyfiyyət standartları, idarəetmə modelləri və sertifikatlaşdırma mexanizmləri ilə tanış olmaq, eləcə də bu təcrübələrin Azərbaycanda tətbiqi imkanlarını dəyərləndirmək baxımından əhəmiyyət daşıyır.
Səfər çərçivəsində Azərbaycan Turizm Bürosu Avropada spa, sağlamlıq və tibbi turizm sahəsində fəaliyyət göstərən aparıcı təşkilatlardan biri olan Avropa Spa Assosiasiyasına (ESPA) məsləhətçi üzv qismində qoşulub.
Üzvlüyün məqsədi sağlamlıq turizmi sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək, qabaqcıl təcrübə mübadiləsini təşviq etmək və yeni tərəfdaşlıqların qurulmasına töhfə verməkdir.


