Qaxda sel sularından mühafizə tədbirləri operativ şəkildə aparılır

Qaxda sel sularından mühafizə tədbirləri operativ şəkildə aparılır

Səyyar qəbullar zamanı irəli sürülən rəy və təkliflər nəzərə alınaraq aidiyyatı qurumlara yönləndirilmişdir və onların həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Beləki Qax rayonunda suvarma mövsümünə hazırlıq və sel sularından mühafizə tədbirləri uğurla davam etdirilir.

Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayon ərazisində suvarma infrastrukturunun işlək vəziyyətə gətirilməsi, su itkisinin qarşısının alınması və sel sularına qarşı mühafizə tədbirlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilmişdir.

Hazırda rayon üzrə suvarıla bilən 21 358 hektar əkin sahəsinin su təminatı mürəkkəb texnoloji və təbii sistemlər vasitəsilə həyata keçirilir. Sahələrin 1574 hektarı müasir suvarma metodları (pivot və damcılı üsul) ilə, qalan 19 784 hektarı isə rayonun 7 əsas çay sistemi (Kürmük, Qapıçay, Zərnə, Ləkit, Qum, Qarasu, Duruca) vasitəsilə suvarılır. Suyun sahələrə çatdırılması 92.8 km uzunluğunda əsas və 284.5 km uzunluğunda təsərrüfatdaxili kanallar, habelə 98 subartezian və 89 artezian quyusu vasitəsilə təmin olunur.

Vegetasiya suvarmasının aqrotexniki müddətlərdə aparılmasını təmin etmək məqsədilə cari ilin ilk 3 ayı ərzində 5 ədəd hidrotexniki qurğu, 1 ədəd mülki istehsalat binası və 5 ədəd subartezian quyusunda cari təmir işləri başa çatdırılmışdır. Dəymədağlı, Şotavar, Lələli, Oncallı, Almalı, Qorağan, Zəyəm, Qıpçaq və Əlibəyli kənd inzibati ərazi dairələri üzrə kanal və arxlarda 36.75 min m³ həcmində lildən təmizləmə işləri aparılmışdır. Qaysarlı, Qanlı-Qobu, Dəymədağlı, Qorağan, Əmbərçay, Şotavar, Kazbek, İbaxaslan, Qıpçaq, Kötüklü, Cəlayer, Qax-İngiloy və Ağyerlər kanallarında ümumilikdə 40 km-dən artıq məsafədə təmizləmə və hamarlama işləri görülərək suyun maneəsiz axını nizamlanmışdır. Yaşayış məntəqələrinin və əkin sahələrinin sel təhlükəsindən qorunması məqsədilə Kürmük, Zərnə və Lahıc çaylarının məcralarında 94.73 min m³ həcmində təmizləmə işləri aparılmışdır.

İbaxlı və Əlibəyli kəndləri istiqamətində cari təmir hesabına 295 m³ daş-beton bənd tikilmişdir (ilin sonuna qədər 1200 m³-ə çatdırılması planlaşdırılır). Əsaslı təmir planına uyğun olaraq İbaxlı (200 pm), Əlibəyli (150 pm) və Ağçay (150 pm) kəndləri ərazisində yeni daş-beton bəndlərin inşası nəzərdə tutulmuşdur.

Su itkisinin minimuma endirilməsi məqsədilə 2026-cı il ərzində Almalı (250 pm), Cəlayer (1500 pm) və Qobala-Ağçay (650 pm) kanallarının ümumilikdə 2400 paqon-metr hissəsinin beton üzlüyə alınması planlaşdırılmışdır.

Hazırda rayonda vegetasiya suvarmasına hazırlıq prosesi davam etdirilir, bütün texniki resurslar fermerlərin suvarma suyu ilə fasiləsiz təminatına səfərbər olunmuşdur.