Respublika Klinik Xəstəxanasında Ulu Öndər anılıb

Respublika Klinik Xəstəxanasında Ulu Öndər anılıb

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən tədbir keçirilib. Tədbirdə Respublika Klinik Xəstəxanasının rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Tədbirdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin fəaliyyət dövrünü əhatə edən foto-sərgiyə baxış keçirilib, Ulu Öndərin zəngin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov tədbiri giriş sözü ilə açaraq hər il 17 iyunun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunmasınınHeydər Əliyevin ölkə səhiyyəsi üçün gördüyü mühüm işlər sırasında xüsusi rol oynadığını diqqətə çatdırıb. Ümummilli Liderin ölkəmizdə səhiyyənin inkişafı sahəsində gördüyü işlərdən danışaraq onu müstəqil Azərbaycan dövlətinin və səhiyyəsinin memarı adlandırıb:

"Təsadüfi deyil ki, Ulu Öndər səhiyyə sektorunun inkişafına xüsusi önəm verirdi və bunu əsas prioritet istiqamətlərdən birinə çevirmişdi. Əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkili Ulu Öndərin ən çox diqqət göstərdiyi məqamlardan idi. Məhz onun ölkəyə rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verilməsinə başlandı. Nəinki paytaxt Bakıda, ən ucqar regionlarda, kəndlərdə belə ən müasir tibbi mərkəzlər yaradıldı ki, bu mərkəzlərdə tibb işçilərinin fəaliyyəti üçün geniş imkanlar vardı".

Elviz Qasımov səhiyyə sahəsində Ulu Öndər tərəfindən başlanan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirildiyini vurğulayıb: 

"Prezidentimiz insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab etməklə yanaşı, Azərbaycan səhiyyə sistemində aparılan islahatlara da yüksək dəyər verir. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, ən müasir avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir. Bu sahədə qəbul edilən dövlət proqramları gələcək nəsillərin sağlam inkişafına bir töhfədir".

Çıxış edən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nefrologiyakafedrasının müdiri, professor Fuad Sərdarlı Ümummilli Lider Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüb. Qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən Azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. 

Daha sonra çıxış edən Respublika Klinik Xəstəxanasının 2-ci Cərrahiyyə şöbəsinin müdiri,professor Sahib Hüseynov qeyd edib ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olub. Sahib Hüseynov Ümummilli Liderin siyasətinin Cənab Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirildiyini, güclü və nüfuzlu Azərbaycanın yeni zirvələr fəth etdiyini söyləyib.