Son 20 il ərzində Azərbaycanda ÜDM 4 dəfə artıb

Son 20 il ərzində Azərbaycanda ÜDM 4 dəfə artıb

Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-ci ildəki aşağı orta gəlirli ölkələr qrupundan 2022-ci ildə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 il ərzində (2003-2022) Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) 4 dəfə, adambaşına düşən ÜDM isə 3.2 dəfə artıb.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov oktyabrın 24-də Bakıda keçirilən “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzuzunda 3-cü DİM Dialoqunda deyib.

S.Məmmədov qeyd edib ki, növbəti orta və uzunmüddətli dövrdə azad edilmiş torpaqlarımızın yenidən qurulması və reinteqrasiyası iqtisadi potensialımızın artmasına geniş imkanlar vəd edir. İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası bu baxımdan böyük önəm daşıyır. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması əsas istiqamətlərdəndir. Məhz bu məqsədlə işğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində həyata keçiriləcək tədbirlər müəyyənləşdirilərkən BMT-nin və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb.