"Tenderlər kralı" “Kaskad-Hidro M” xaricə pul köçürdü, MƏHKƏMƏ CƏRİMƏLƏDİ
“Kaskad-Hidro M” MMC cərimələnib.
Mərkəzi Bankın tərtib etdiyi inzibati xəta haqqında protokol əsasında şirkət barəsində Binəqədi Rayon Məhkəməsində qərar çıxarılıb.
Şirkət xaricə əvvəlcədən köçürdüyü valyuta vəsait hesabına alınan malın iki il ərzində Azərbaycana idxalını və ya ödənilmiş vəsaitin geri qaytarılmasını təmin etməməkdə təqsirli bilinib.
Məhkəmədə şirkət nümayəndəsi xaricə köçürülən vəsaitlər müqabilində malların faktiki olaraq Azərbaycana gətirildiyini, lakin gömrük bəyannamələrində müqavilənin tarixi və nömrəsinin texniki səhv nəticəsində yanlış göstərildiyini deyib. Onun sözlərinə görə, Çin Xalq Respublikasından idxal olunan nasos avadanlıqları gömrük sənədləri əsasında rəsmiləşdirilib, yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün banka müraciət olunub.
Məhkəmə iş materiallarını araşdıraraq şirkətin inzibati xəta törətdiyi qənaətinə gəlib və 26 574,03 ABŞ dolları məbləğində valyuta vəsaitinin 20%-i həcmində - 5 314,80 ABŞ dolları məbləğində cərimə tətbiq edib.
Məlumat üçün deyək ki, 1996-cı ildən fəaliyyət göstərən “Kaskad-Hidro M” MMC çirkab və təmiz sular üçün müxtəlif çeşiddə nasos aqreqatlarının təklif edilməsi ilə məşğuldur. Şirkətin nizamnamə kapitalı 10 manat, təsisçisi Rəsulov Rauf Xudaverdi oğlu, Baş icraçı direktoru isə, Namazəliyev Rauf Rasim oğludur.
“Kaskad-Hidro M” MMC 2024-2026-cı illərdə Azərbaycanın müxtəlif regionlarında keçirilən ümumilikdə 43 dövlət tenderinin qalibi olub. Şirkətin qalib gəldiyi tenderlərin ümumi dəyəri 2024-cü ildə 6,4 milyon manat, 2025-ci ildə 4,6 milyon manat, bu il isə, 3,9 milyon manat təşkil edib. Ümumilikdə isə, 2024-2026-cı illərdə şirkətin dövlət tenderlərindən gəliri 15 milyon manat civarında olub.
Xatırladaq ki, “Kaskad-Hidro M” 2023-cü ili 2 milyon 236 min manat, 2024-cü ili isə, 2 milyon 919 min manat xalis mənfəətlə başa vurub.
Plat.az


