Ulu Öndər və Azərbaycan iqtisadiyyatı

Ulu Öndər və Azərbaycan iqtisadiyyatı

Hər bir ölkənin müstəqil dövlət kimi inkişaf etməsi, iqtisadiyyatının güclənməsi hər zaman vətəndaşlarının həyat tərzinin, sosial-rifah halının  yaxşılaşmasında özünü büruzə verir. Bu mənada əsas şərtlərdən biri  şübhəsiz ki, ölkənin iqtisadi potensialıdır.

Bu gün qeyd etdiyimiz formulu vətəndaşı olduğumuz doğma Azərbaycanımızın timsalında aydın görürük. Ölkəmizin bu gün regionda əsas söz sahibi olmaq yolunda qazandığı uğurların təməlində isə heç şübhəsiz Ulu Öndər Heydər Əliyev dühası dayanır. Belə ki, Ümummilli Liderin Azərbaycanın digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də qazandığı uğurlarda rolu əvəzsizdir.

Hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə Ulu Öndər Ölkəmizin sənayesinin inkişafı üçün həyata keçirdiyi tədbirlər, reallaşdırdığı layihələr o zaman inkişaf tempinə görə geri qalan Azərbaycanımızı ildırım sürətilə irəliyə doğru aparmışdır. Belə ki, güclü dövlətin sütunlarından biri hesab edilən sənaye nə qədər inkişaf edərsə ölkə də bir o qədər inkişaf etmiş olar. Bu mənada Azərbaycanın zəhmətkeş adamlarının gücü, əməyi ilə yaranan zavod, fabrik və digər sənaye müəssisələri Respublikanın iqtisadi potensialının əsasını təşkil edir. Məhz bir vaxtlar Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılmış Bakı Kondisioner zavodunda əmək kollektivi nümayəndələrinin mitinqində çıxışı zamanı Heydər Əliyev on illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadi sisteminə keçməyin böyük çətinliklərlə bağlı olduğunu, bu sahədə buraxılan səhvlərin vəziyyəti daha da gərginləşdiyini qeyd etmişdir. Ulu Öndər həmin vaxt sərbəst iqtisadiyyata keçməli olduğunu və bu yolda cürbəcür bəhanələr axtarmamalı oduğunu bildirmişdir. Əlbəttə ki, bu yolda çətinliklərin də ola biləcəyini, lakin bütün hallarda daim mübarizə aparılmalı olduğunu bir şüar kimi qeyd etmişdir. Bilirik ki, bu gün Azərbaycan iqtisadiyyatında əsas yeri neft-qaz sənayesi tutur.  Azərbaycanın neft yataqları xalqımızın ən böyük milli sərvətidir. Bu mənada sərvətlərimiz təkcə bu günkü nəsillər üçün deyil, gələcək nəsillər üçün də lazımdır.

Hazırda Azərbaycanın öz təbii sərvətlərindən istifadə etməsi ilə əlaqədar apardığı strateji siyasət xalqımzın milli mənafeyinə tamamilə cavab verir. Dövlətimizin qarşısında duran əsas vəzifələrdən birinin Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaq olduğunu qeyd edən Ulu Öndərin iqtisadi sahədə gördüyü işləri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirir!.

Mətanət Quliyeva;
Neftçala rayon gənci, ictimai fəal