Ümummilli lider gəncləri “Azərbaycanın gələcəyi” adlandırırdı

Ümummilli lider gəncləri “Azərbaycanın gələcəyi” adlandırırdı

Sevə - sevə yaratdığı Azərbaycan adlı şah əsərin hər cümləsini, hər sözünü işıqlı zəkasından yoğuran Ümummilli lider Heydər Əliyev hər bir azərbaycanlının prezidenti olaraq, xalqın parlaq sabahı naminə misilsiz xidmət göstərən düha olmuşdur. Onun həyat və fəaliyyət tarixinə nəzər saldıqda insan gücündən kənarda var olan fövqəltəbii bir gücün şahidi oluram.

Bu fövqəltəbii güc sayəsində fasilələrlə, 1969-cu ildən 2003-cü ilə qədər Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev sözün əsl mənasında xalqı zülmətdən - nura çıxara bildi. 1993-cü ildə Ölkəmiz bataqlığa sürükləndiyi bir dövrdə ən ağır şəraitdə itən idarəetməni ələ alaraq, Azərbaycanı bataqlıqdan çıxardı. Xalqın sabahına Qurtuluş yazan və: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm. Fəxr edirəm ki, mən azırbaycanlıyam!”- deyən dahi Öndər Azərbaycan gəncliyini daim diqqətdə saxlamış, gələcək genefondun milli-mənəvi, ümumbəşəri dəyərlərə sadiq bir gənclik kimi tərbiyələnməsini əsas tutmuşdu. Hər an gəncliyə xüsusi diqqətlə yanaşan Ümummilli lider gəncləri “Azərbaycanın gələcəyi” adlandıraraq onlara daim qayğı göstərməyin vacibliyini qeyd edirdi. Müasir dünyada güclü demokratik dövlət quruculuğunda gənclərin rolunu düzgün qiymətləndirən Ulu Öndər bütün sahələrdə onlara böyük etimad göstərirdi. Dövlət orqanlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və onları bir- biri ilə əlaqələndirmək məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Azərbaycan gəncliyinin inkişafında və gənclərin dövlət qurumlarına inteqrasiya olunmasında Ulu Öndərin böyük xidmətləri olmuşdu. 1997-ci ilin fevralında Azərbaycanda “Gənclər Günü”nün elan olunması ilə bağlı Fərman bu sahədə atılan növbəti addım olmuşdur. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlanılmışdı. Həmin il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev tarixi çıxış edərkən gənclərin qarşısına şərəfli vəzifələr qoyaraq  hər bir gəncin ən əsas vəzifəsinin müstəqil Azərbaycanın bu gününü və gələcəyini düşünməli olduğunu vurğulamışdır.

Gənclərin milli mənəvi, ümumbəşəri ideyalarla tərbiyələnməsini əsas sayan dahi rəhbər üzünü gənclərə tutaraq demişdi: “Biz öz milli - mənəvi dəyərlərimizlə fəxr etməliyik!”. Milli – mənəvi, bəşəri dəyərləri gənclərimizin mənəvi kodeksini təşkil edən əsas komponent hesab edən Ulu Öndər Azərbaycan gəncliyinin gələcəyinə ümid bəsləyir və Azərbaycan Gəncləri Gününün ilk ildönümü münasibətilə keçirilən bədii idman bayramı nitqində vurğulayırdı: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”. 25 il bundan əvvəl deyilmiş bu fikir zaman – zaman öz əyani təsdiqini tapdı. 44 günlük Zəfər savaşımızda düşmənə diplomatiyada diz çökdürən Prezidentimiz, səngərdə Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz zəfər qazandı. Bir vaxtlar Ümummilli lider tərəfindən qorunan müstəqillik bu gün cənab Prezidentimizin uğurlu siyasəti ilə möhkəmlənir. Günü - gündən möhkəmlənən müstəqil, müzəffər Ölkəmizdə Azərbaycan gəncliyi Ümummilli lideri daim öz ilham mənbəyi hesab edir, onun işıqlı düşüncələrini gələcəyə təbliğ etməklə vətəndaş missiyasını uğurla yerinə yetirir. Bu il 100 illik ərəfəsində Azərbaycanımızın elm, səhiyyə, idman, iqtisadiyyat,hərb sahəsindəki yenilikləri, uğurları vaxtilə Ulu Öndər tərəfindən gəncliyə göstərilmiş diqqət və qayğının təzahürüdür. İnanırıq ki, Azərbaycan gəncliyi bundan sonra da bütün sahələrdə öz sözünü layiqli şəkildə deyəcək və Azərbaycan adını dünyada daim yüksək tutacaqdır.

Elnur Uğur;
Neftçala rayon sakini, müəllim, yazar