2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Müvafiq Dövlət Proqramına əsasən 2022-2026-cı illərdə Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında 24 kənd, 5 qəsəbə və 3 şəhərin inşası planlaşdırılır. Hazırda Cəbrayıl şəhərində 712 mənzildən ibarət böyük bir kompleks artıq tikilir və 2 aydan sonra onun bir hissəsi təhvil veriləcək. Həmin bu kompleksə Cəbrayıl şəhərinin sakinləri qayıdacaqlar. Cəbrayıl rayonundakı kompleksə 712 ailənin köçürülməsi nəzərdə tutulur.
Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunda deyib.
O vurğulayıb ki, hazırda Zəngilanda da böyük iş görülür: “Zəngilan şəhərində də yaşayış evlərinin tikintisi həyata keçirilir. 13 binadan ibarət bir kompleks tikilir və sakinlərin 2024-2026-cı illərdə ora köçürülməsi planlaşdırılır. Rayonun Cahangirbəyli kəndində də hazırda tikinti işləri həyata keçirilir.
V.Hacıyev qeyd edib ki, həmçinin 2024-2026-cı illərdə Cəbrayıl rayonunun Horovlu qəsəbəsinə, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində də artıq tikintilər başlanılıb və həmin bu kəndlərə də köç nəzərdə tutulur.
"2022-2026-cı illər üzrə Dövlət proqramına əsasən Cəbrayıl, Qubadlı və Zəngilana 40 min nəfər köçəcək. Bu proses mərhələli şəkildə həyata keçiriləcək. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilər yaşıl zona elan edilib və bunun sayəsində bütün inzibati binalarda, qeyri-yaşayış sahələrinin üstündə günəş panelləri istifadə olunur. Bundan əlavə, Zəngilan rayonunun özündə 4 kiçik su elektrik stansiyası artıq fəaliyyət göstərir", - deyə Prezidentin nümayəndəsi bildirib.