ABA və CBA arasında razılıq əldə olundu

ABA və CBA arasında razılıq əldə olundu

1 aprel 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində Çin Banklar Assosiasiyasının (CBA) rəhbərliyi və müvafiq struktur bölmələrinin rəsmi nümayəndələri ilə keçirilən işgüzar görüşdə iştirak edib.

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə baş tutan görüşdə ABA-nı Assosiasiyanın prezidenti Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov və baş iqtisadçı Əzizağa Haxverdiyev təmsil ediblər. Çin tərəfindən isə CBA-nın sədr müavini və baş katibinin müavini cənab Yin Youxiang, baş katib xanım Xu Jieqin və Tədqiqat Departamentinin direktoru cənab Li Jian iştirak ediblər.

Tədbir çərçivəsində tərəflər bank assosiasiyalarının fəaliyyəti, mövcud prioritetlər və gələcək əməkdaşlıq imkanlarına dair ətraflı fikir mübadiləsi aparıblar. Görüş zamanı hər iki ölkənin maliyyə sektorundakı mövcud vəziyyət və inkişaf meyilləri barədə təqdimatlar keçirilib. Bu müzakirələr kontekstində Azərbaycan maliyyə sisteminin Dünya Bankının 2025-ci il üzrə hesabatına əsasən “maliyyə xidmətləri” kateqoriyasında dünya üzrə birinci yerdə qərarlaşdığı xüsusi qeyd olunub və bu yüksək nəticənin əldə edilməsində ölkədəki tənzimləyici çərçivənin rolu vurğulanıb.

Görüşün gedişatında CBA-nın sədr müavini Yin Youxiang və baş katib Xu Jieqin Çin bank sektorunun makroiqtisadi vəziyyəti, maliyyə sabitliyi və qurumun strateji hədəfləri barədə məlumat veriblər. Öz növbəsində ABA prezidenti Zakir Nuriyev Assosiasiyanın missiyası, bank sektorunda həyata keçirilən əsas təşəbbüslər və Azərbaycan–Çin əməkdaşlığının genişləndirilməsi perspektivlərini diqqətə çatdırıb. Həmçinin icraçı direktor Yunus Abdulov ABA-nın təşkilati strukturu və beynəlxalq əməkdaşlıq istiqamətləri, baş iqtisadçı Əzizağa Haxverdiyev isə Azərbaycan iqtisadiyyatındakı makroiqtisadi vəziyyət və bank islahatları haqqında məruzə ediblər. Çin tərəfindən Li Jian isə rəqəmsal maliyyə sahəsində tətbiq olunan innovativ həllər və yeniliklər barədə təqdimatla çıxış edib.

Qarşılıqlı müzakirələrlə davam edən görüşdə tərəflər bank sektorunda təcrübə mübadiləsi və potensial birgə layihələrin reallaşdırılması imkanlarını dəyərləndiriblər. Görüşün sonunda ABA və CBA arasında gələcəkdə əməkdaşlıq memorandumunun imzalanması istiqamətində ilkin razılıq əldə edilib.