ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatıb!

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatıb!

Vətəndaşlar üçün yeni qazanc fürsəti yaradan ABB istiqrazlarına abunə yazılışı uğurla tamamlanıb.

4–17 mart tarixləri arasında davam edən abunə yazılışı müddətində həm fiziki, həm də hüquqi şəxslərdən ABB istiqrazlarına böyük tələb formalaşıb. Sifarişlər satışa çıxarılmış həcmdən təxminən 5 dəfə çox olub. Bu da ABB istiqrazlarına yüksək etimadı bir daha nümayiş etdirir.

Vətəndaşlara yeni investisiya və qazanc imkanının yaradılması, ölkəmizdə qiymətli kağızlar bazarının inkişafına dəstək məqsədilə fiziki şəxslərə üstünlük hüququ verilib, ilk növbədə onların müraciətləri təmin olunub. ABB istiqrazlarını ümumilikdə 503 fiziki şəxs əldə edib. İnvestorların 97 faizi sifarişlərini “ABB mobile” tətbiqi vasitəsilə həyata keçirib.

Hər biri 5 milyon manat həcmində 2 emissiya çərçivəsində buraxılmış, nominal dəyəri 100 manat olan, hər buraxılış üzrə 50 min ədəd adlı, faizli, təmin edilməmiş və sənədsiz istiqrazlar 1 il müddətinə illik 10 faiz, 2 il müddətinə illik 11 faiz gəlirliliklə təqdim edilib.

Faiz gəlirləri rüblük ödənilir və fiziki şəxslər üçün vergidən azaddır. İstiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsi 19 martda başa çatıb. İnvestorlar üçün təkrar bazarda alqı-satqı imkanı da yaradılacaq. İstiqrazlar Bakı Fond Birjasında tədavül ediləcək.

ABB istiqrazları bankın daimi məhsullarından olacaq. Bundan sonra da investorlara kiçik həcmlərlə davamlı şəkildə təklif ediləcək. Növbəti tranş 2026-cı ilin 2-ci rübü ərzində elan olunacaq.

ABB istiqrazları investorlar üçün sabit gəlir imkanı təqdim etməklə yanaşı, ölkəmizdə kapital bazarlarının inkişafına da töhfə verir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.