Ailə həyatı qurarkən həyatın 1001 halını düşünün

Ailə həyatı qurarkən həyatın 1001 halını düşünün

Novruz bayramı adət-ənənə ilə dolu bir bayramdır. Keçmişdən bizə çatan onlarca gözəl adət-ənənəmiz olsa da, həyatın, zamanın axışı dəyişdikcə bəzi adətlərimiz də artıq keçmişdə qalmalıdır.

Bunlardan biri də ailə həyatı qurarkən oğlan tərəfindən yeni yaranmış ailənin evlə təmin edilməsi, qız evinin isə həmin evi cehizlə bəzətməsidir.

Bu gün uzun çəkən mediasiya prosesində boşananlar yox, etibarnamə ilə onların valideyni iştirak edirdi. Ata qızını köçürmək üçün onun cehizinə 96 min AZN xərcləmişdi və bu pulu oğlan tərəfindən tələb edirdi. Yaşadıqları ev isə toydan öncə oğlanın atasının adına alınmışdı və bu halda xanıma qanunla heçnə düşmürdü. Oğlanın atası bildirirdi ki, onlara cehiz lazım deyil, qız tərəfi gəlib elə bu gün götürsün, oğlan tərəfi də toya, müğənnilərə xərc çəkib.

Çox təəssüf ki, qız evi tərəfindən alınmış bahalı cehizlər möhkəm ailə təməlini qurmur. 1-2 ildən sonra tərəflər boşanmaq üçün müraciət etdikdə həmin cehizlər qiymətini itirmiş olur, yaşadıqları ev isə ya nikahdan əvvəl alındığı üçün, ya da oğlan tərəfinin qohumlarının adına alındığı üçün xanımların bu evdə heç bir haqqı olmur. Xanım evsiz və işlənmiş cehizlə qalır.

Hörmətli xanımlar, sizə tövsiyə edirəm ki, ailə həyatı qurarkən həyatın 1001 halını düşünün və keçmişdən gələn adət olaraq bahalı-şöhrətli cehizə yox, birgə yaşadığınız evin alınmasında payınız olsun.

Mediator Leyla Nəsibova