Aqrar Sığorta Şəkidə fermerlərin xidmətində!
Aqrar sığorta sistemi şəbəkəsini genişləndirir. Şəki-Zaqatala iqtisadi rayonunu əhatə edəcək filial Şəki şəhərində fəaliyyətə başlayıb.
Aqrar Sığorta Müştərək Sığorta Şirkəti bölgələrimizdə filialların açılışını davam etdirir. Bu günə qədər 1651 qısa nömrəsi və qurumla əməkdaşlıq edən sığorta şirkətlərinin filialları vasitəsilə bölgələrdən müraciətləri qəbul edən şirkət bununla da fermerlərin sığorta xidmətlərindən istifadəsini daha da asanlaşdırıb. Şəki-Zaqatala iqtisadi rayonunu əhatə edəcək filial Şəki şəhərində fəaliyyətə başlayıb.
Qeyd edək ki, ölkənin şimal-qərbində yerləşən bu iqtisadi rayonun tərkibinə Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları daxildir.
Aqrar Sığorta Fondu fəaliyyətə başlayandan Şəki-Zaqatala iqtisadi rayonunda təkcə bitkiçilik üzrə 2021-2022-ci ilin əkin mövsümlərində 11038 aqrar sığorta müqaviləsi üzrə 43480 hektar əkin sahəsi sığortalanıb.Şəki şəhərinin mərkəzində bütün fermerlərin rahat gəlib-gedəcəyi ünvanda açılan filial fermerlərə daha yaxın olmaq, yerlərdə onların tələb və təkliflərini dinləmək, müstəqil ekspertlərlə daha sıx və oprerativ əməkdaşlıq etmək imkanı yaradacaq.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondu İdarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, dövlət başçısının aqrar sahənin inkişafı istiqamətində həyata keçirdiyi islahatlar artıq öz bəhrəsini verir. Bu islahatlardan biri Aqrar Sığortadır ki, fəaliyyətə başladığı qısa müddətdə gözləniləndən artıq fermer və təsərrüfat sahələrini əhatə edə bilib. Bu gün açılışı olan Şəki filialı da fermerlərə daha yaxın olmaq, onları maraqlandıran məsələlərlə bağlı operativ kömək etməyə dəstək olacaq.
Fəaliyyət göstərdiyi qısa müddət ərzində aqrar sığorta sistemi ölkənin bütün bölgələrinə genişlənərək istehsal həcminin təxminən 95%-ini əhatə etmək imkanına malik olmuşdur.
Aqrar sığorta xidmətinin keyfiyyətini artırmaq, zərərlərinin qarşılanmasında istehsalçıların və fermerlərin məmnuniyyətini yüksəltmək, onlara daha əlçatan olmaq məqsədilə ilin sonuna qədər daha bir neçə filialın açılışı nəzərdə tutulur.