Azərbaycan Mərkəzi Asiyanın enerji potensialını dünya bazarlarına bağlayır

Bu gün Azərbaycanın Mərkəzi Asiyanın enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında oynadığı rol xüsusilə diqqət çəkir. 

Diqqət yetirdikdə görürük ki, energetika məsələsi bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Bu mənada Azərbaycanın Mərkəzi Asiyanın enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında oynadığı rol xüsusilə diqqət çəkir. Bu rol Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş enerji-nəqliyyat infrastrukturu ilə bağlıdır. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə nəql olunması regional enerji əlaqələrinin praktiki nümunəsidir. Daşımaların həcminin artması bu istiqamətdə əməkdaşlığın inkişaf etdiyini göstərir. Enerji sahəsində tərəfdaşlıq ölkələrin iqtisadi maraqlarını birləşdirən mühüm amildir.

Lakin müasir dövrdə enerji əməkdaşlığı ənənəvi karbohidrogen resursları ilə məhdudlaşmır. Bərpaolunan enerji mənbələrinin inkişafı regional əməkdaşlığın yeni perspektivlərini formalaşdırır. Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində birgə fəaliyyət göstərir. Bu təşəbbüs enerji əməkdaşlığının gələcəyə hesablanmış xarakter daşıdığını nümayiş etdirir. Yaşıl enerji sahəsində əməkdaşlıq həm iqtisadi, həm də texnoloji imkanların birləşdirilməsinə şərait yarada bilər.

Region ölkələrinin bərpaolunan enerji potensialının böyük olması bu istiqamətin əhəmiyyətini daha da artırır. Azərbaycanın enerji infrastrukturu isə həmin potensialın beynəlxalq bazarlara çıxarılmasında mühüm rol oynaya bilər. Belə əməkdaşlıq enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də töhfə verə bilər. Enerji marşrutlarının şaxələndirilməsi ölkələrin iqtisadi dayanıqlığını artıran amillərdən biridir. Eyni zamanda, yaşıl enerji layihələri gələcək enerji bazarlarının tələblərinə uyğunlaşmaq baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının bu istiqaməti regionun qlobal enerji transformasiyasına daha fəal qoşulmasına imkan yarada bilər. Enerji layihələrinin nəqliyyat və rəqəmsal infrastrukturlarla paralel inkişaf etdirilməsi regional inteqrasiyanın kompleks xarakterini gücləndirir.

Belə yanaşma enerji, nəqliyyat və kommunikasiya sahələrini vahid əməkdaşlıq sistemində birləşdirir. Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Türkmənistanda keçirilən 8-ci Məşvərət Görüşündə iştirak edən Ölkə başçısı cənab İlham Əliyev çıxışında enerji və nəqliyyat layihələrinin yalnız iqtisadi deyil, geosiyasi əhəmiyyət daşıdığını da diqqətə çatdırdı. Bu amil Azərbaycan və Mərkəzi Asiya ölkələrinin beynəlxalq mövqelərinin möhkəmlənməsinə şərait yaradır. Enerji əməkdaşlığı ölkələr arasında uzunmüddətli qarşılıqlı asılılıq formalaşdıran sahələrdən biridir.

Qarşılıqlı asılılıq isə siyasi dialoqun və strateji tərəfdaşlığın möhkəmlənməsinə əlavə stimul yaradır. Yaşıl enerji dəhlizinin inkişafı regionun enerji potensialından daha səmərəli istifadə üçün yeni imkanlar aça bilər. Bununla Azərbaycan Mərkəzi Asiya ilə enerji əməkdaşlığını ənənəvi resurslardan müasir və dayanıqlı enerji modelinə doğru inkişaf etdirir. Nəticə etibarilə, enerji sahəsində əməkdaşlıq Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Səidə Rzayeva
Neftçala rayonu