ARDNF-nin aktivləri son bir ayda $1,45 milyard azalıb
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) hesablanmış aktivləri 2026-cı ilin sentyabrında 1 milyard 451,1 milyon dollar və ya 1,92% azalaraq 74 milyard 17,3 milyon dollara düşüb.
BusinessTime Dövlət Statistika Komitəsinin (DSK) strateji valyuta ehtiyatlarına dair məlumatları əsasında xəbər verir ki, sentyabrın əvvəlində ARDNF-nin hesablanmış aktivləri 75 milyard 468,4 milyon dollar təşkil edirdi.
Fondun 2026-cı ilin ilk yarımili üzrə açıqladığı investisiya nəticələrinə əsasən, portfelin 33,8%-i istiqraz və pul bazarı alətlərində, 31,4%-i qızılda, 28,1%-i səhmlərdə, 6,7%-i isə daşınmaz əmlak və infrastruktur layihələrində yerləşdirilmişdi.
Sentyabr ayında beynəlxalq maliyyə bazarlarında, xüsusilə qızıl və istiqrazların qiymətlərində azalma qeydə alınıb. Dünya Qızıl Şurasının (World Gold Council) oktyabrın 7-də açıqladığı məlumata əsasən, qızılın qiyməti sentyabr ərzində 8,5% azalaraq bir troy unsiyası üçün 4 176 dollara düşüb. Qurum ucuzlaşmanın əsas səbəbləri arasında ABŞ dollarının möhkəmlənməsini və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsini göstərib.
Fondun portfelinin digər mühüm hissəsini təşkil edən istiqraz bazarında da mənfi dinamika müşahidə edilib. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi avqustun sonundakı 4,75%-dən sentyabrın sonunda 5,29%-ə yüksəlib. Eyni dövrdə Bloomberg U.S. Aggregate Bond Index 2,6% geriləyib.
Səhm bazarlarında da azalma qeydə alınıb. ABŞ-ın S&P 500 indeksi sentyabrı 0,4% itki ilə başa vurub. Qlobal MSCI World indeksi isə 1,3% geriləyib. ABŞ dollarının DXY indeksi həmin dövrdə 2% yüksəlib.
ARDNF-nin açıqladığı son məlumatlara görə, 2026-cı il iyunun 30-na fondun qızıl ehtiyatı 178,1 ton təşkil edib. Fondun investisiya portfelində qızılın payı 31,4% olub.
Banker.az


