AZAL donanmasını 50 təyyarəyə çatdıra bilər

AZAL donanmasını 50 təyyarəyə çatdıra bilər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın "Azərbaycan Hava yolları" QSC (AZAL) rəhbərliyi ilə növbəti görüşü baş tutub.

Bunu Plat.az-a açıqlamasında görüşdə iştirak edən ictimai şuranın üzvü Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, hazırda AZAL-ın donanması 29 təyyarədən ibarətdir və 2030-cu ilədək bu rəqəmin 50-yə çatdırılması planlaşdırılır.

"2026-cı il ərzində 8 yeni təyyarənin alınması nəzərdə tutulur və onlardan bir neçəsi artıq Bakıya gətirilib. Bu il Wizz Air tərəfindən Bakıdan Bratislava, Varşava və Buxarest istiqamətlərinə yeni reyslərin açılması planlaşdırılır. Keçirilən görüşdə AZAL-ın bölgə hava limanlarından birinin gələcəkdə loukost aviaşirkət üçün baza hava limanı kimi fəaliyyət göstərməsində maraqlı olduğu vurğulanıb",-deyə Ağamirzəyev əlavə edib.


Rauf Ağamirzəyev təklif edib ki, Azərbaycanda qısa məsafəli uçuşların bir hissəsinin dəmir yolu nəqliyyatına yönləndirilməsi sərnişinlər üçün daha çox seçim yarada və nəqliyyat sisteminin səmərəliliyini artıra bilər. Onun fikrincə, bu yanaşma AZAL-a təyyarələrini daha uzun və gəlirli beynəlxalq marşrutlara yönəltmək imkanı verər.