Azərbaycan səfirliyi Rusiya XİN-ə nota göndərib

Azərbaycan səfirliyi Rusiya XİN-ə nota göndərib

Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası göndərib.

BusinessTime səfirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, nota bu il avqustun 7-də Yekaterinburq şəhərində qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbirlə bağlıdır.

Səfirliyin mətbuat xidmətinin bununla bağlı yaydığı məlumatda qeyd olunub ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı təşkil olunan bu tədbirlə əlaqədar səfirlik tərəfindən Rusiya XİN-ə etiraz notası ünvanlanıb və səfir Polad Bülbüloğlu Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və qəti etirazını əks etdirən məktub göndərib. Həmçinin Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski şəhərin müvafiq inzibati orqanlarına müraciətlər ünvanlayıb.

Rusiya tərəfinin diqqətinə bu kimi təxribat xarakterli tədbirin təşkilinin və burada Yekaterinburq şəhər dumasının sədri İqor Volodinin qonaq qismində iştirakının qəbuledilməz olduğu çatdırılıb. Eyni zamanda, ölkənin hakim partiyasının təmsilçisinin bu addımının separatçılığı təşviq etdiyi, Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik əlaqələrinin mahiyyətinə kökündən cavab vermədiyi, habelə ikitərəfli əməkdaşlığa zərbə vurduğu bildirilib.

Qarşı tərəfdən İqor Volodin və tədbirin təşkilatçıları ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi, gələcəkdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı atıla biləcək bu cür təxribat xarakterli addımlarının qarşısının qətiyyətlə alınması təkidlə xahiş olunub.

Qeyd edək ki, hazırda səfirlik Rusiya tərəfinin rəsmi cavabını gözləyir.