Azərbaycanda İKT şirkətləri üçün vergi güzəştləri tətbiq ediləcək
2027-ci ildən texnopark rezidenti olmaq istəyən şirkətlər üçün qeydiyyat proseduru sadələşdiriləcək, rəqəmsal texnologiyalar və innovasiya sahəsində fəaliyyət göstərən müəssisələrə vergi güzəştləri şamil olunacaq.
Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək qanunvericilik dəyişiklikləri texnopark rezidentliyi üçün imkanları genişləndirəcək:
"Yeni qaydalar proqram təminatı, sistem inteqrasiyası, kibertəhlükəsizlik, süni intellekt, əşyaların interneti, robototexnika və data analitikası istiqamətlərində çalışan şirkətləri əhatə edəcək. Eyni zamanda, İKT sahəsində təlim və konsaltinq xidmətlərini xarici bazarlara təqdim edən müəssisələr də bu imkanlardan yararlana biləcəklər.
Dəyişikliklər vençur fondları və kütləvi maliyyələşmə mexanizmləri vasitəsilə investisiyaların cəlb edilməsini dəstəkləməklə yanaşı, startapların dövlət satınalmalarında güzəştli şərtlərlə iştirakına şərait yaradacaq".
İRİA sədrinin sözlərinə görə, yeniliklərin əsas hədəfi informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafını sürətləndirmək və Azərbaycanın ixrac imkanlarını genişləndirməkdir.


