"iPhone 17" "Apple" tarixində ən populyar smartfon seriyası oldu
"iPhone 17" seriyası indiyə qədər buraxılmış bütün "iPhone" modelləri arasında ən populyar seriya olub.
Valyuta.az xəbər verir ki, bu barədə "Apple"ın maliyyə direktoru Kevan Parek şirkətin 2026-cı maliyyə ilinin ikinci rübünün nəticələrini şərh edərkən bildirib.
"Financial Times"ın məlumatına görə, mart ayında başa çatan rübdə "Apple"ın ümumi gəliri 111,2 milyard dollar təşkil edib. Ən böyük artım məhz "iPhone" satışlarında qeydə alınıb: gəlirlər 21% artaraq 46,8 milyard dollardan 56,9 milyard dollara yüksəlib və şirkətin ümumi gəlirinin 51%-ni təşkil edib.
Şirkətin baş direktoru Tim Kuk "iPhone 17"yə olan tələbatı “dəli kimi yüksək” adlandırıb. Eyni zamanda "Apple" tədarük məhdudiyyətləri ilə üzləşib və bu, bütün sifarişlərin tam qarşılanmasına imkan verməyib. "iPhone" satışları TSMC tərəfindən istehsal olunan A19 və A19 Pro prosessorlarının məhdudluğu ilə də əngəllənib. Bu istehsal gücləri həmçinin süni intellekt çipləri üçün də istifadə olunur və həmin sahədə də tələbat kəskin artıb.
Bundan əlavə, yaddaş çiplərində bahalaşma və çatışmazlıq da tədarük zəncirinə əlavə təzyiq yaradıb. Bu vəziyyət gələcək "iPhone 18" seriyasına da təsir göstərə bilər. Şayiələrə görə, "Apple" sentyabrda təqdim olunacaq "iPhone 18" üzərində işləyir və şirkətin ilk qatlanan modeli “iPhone Ultra” da təqdim edilə bilər.
Hazırkı "iPhone" xətti beş modeldən ibarətdir: əsas "iPhone 17", Pro, Pro Max, daha əlçatan "iPhone 17e" və nazik "iPhone Air".
Mediada yayılan rəylərə görə, "iPhone" 17 “uzun illərdən sonra "Apple"ın ən yaxşı smartfonu” hesab olunur. İlk dəfə baza modelində 120 Hz ekran, 256 GB başlanğıc yaddaş, 48 MP kamera sistemi və 2x optik zum imkanı təqdim edilib.
Şayiələrə əsasən, "iPhone" 18 yalnız 2027-ci ilin yazında çıxacaq və bəzi göstəricilərdə sadələşdirilmiş versiya ola bilər. Buna baxmayaraq, qiymətin dəyişməyəcəyi bildirilir.


