"Azərenerji" 17,4 milyon manatlıq iki layihə həyata keçirəcək
"Azərenerji" ASC elektrik ötürücü infrastrukturunun yenilənməsi istiqamətində ümumi dəyəri 17 milyon 427 min 952 manat olan iki satınalma elan edib.
Valyuta.az xəbər verir ki, satınalmalardan biri 330 kV-luq ikidövrəli "Bankə GES – Nəvahi YS" elektrik veriliş xəttinin Şirvan Milli Parkının hüdudlarından kənara çıxarılması və 330 kV-luq Bankə yarımstansiyasının yerinin dəyişdirilməsi ilə bağlı əlavə işləri əhatə edir. Bu layihənin ehtimal olunan dəyəri 7 milyon 308 min 28 manat təşkil edir.
İkinci satınalma isə 110 kV-luq Yevlax–Bərdə elektrik veriliş xəttinin tikintisi işlərinin satın alınmasını nəzərdə tutur. Layihənin ehtimal olunan dəyəri 10 milyon 119 min 924 manat müəyyən edilib.
Hər iki satınalma üzrə təkliflərin son təqdim olunma tarixi 5 avqust olaraq müəyyənləşdirilib.


