“Azərenerji” son beş ilin statistikasını açıqladı

“Azərenerji” son beş ilin statistikasını açıqladı

“Azərenerji” ASC son beş il ərzində Azərbaycanda 840 MVt yeni generasiya gücü istismara verib.

Bu barədə ASC-nin sədri Baba Rzayev bildirib.

Baba Rzayev qeyd edib ki, mövcud generasiya gücləri üzrə 1300 MVt-a qədər güc “Reabilitasiya Proqramı” çərçivəsində bərpa edilib. Bu dövr ərzində enerji-sistem üzrə elektrik enerjisinin istehsalında xüsusi sərfiyyatın azalması nəticəsində 14,5 milyon manat dəyərində 239 milyon kVt/s və texniki itkilərin azalması nəticəsində 8 milyon manat dəyərində 128 milyon kVt/s elektrik enerjisinə, eləcə də 214,5 milyon manat dəyərində 1,3 milyard kubmetr həcmində təbii qaza qənaət edilib.

Onun sözlərinə əsasən, “Azərbaycan” İstilik Elektrik Stansiyası “Reabilitasiya Proqramı” çərçivəsində tamamilə yenidən qurulub, 12 elektrik stansiyasında təmir-bərpa işləri həyata keçirilib.

“2018-ci ildən bu yana 16,5 MVt gücündə olan “Lerik” Elektrik Stansiyası, 2019-cu ildə 400 MVt gücündə “Şimal-2” Elektrik Stansiyası, 2022-ci ildə Bakının Qobu qəsəbəsi ərazisində yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyası və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyası inşa olunaraq istismara verildi və ölkənin ümumi enerji sisteminə qoşuldu. Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 25-də imzaladığı Sərəncama uyğun olaraq, Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində müstəqillik dövrünün ən böyük elektrik stansiyası, 1280 meqavat gücündə yeni generasiya mənbəyi yaradılır. “Azərbaycan” İES-in mövcud 7-ci və 8-ci enerji bloklarının buxar turbinləri ilə 1280 meqavatlıq yeni stansiyanın əlaqələndirilməsi nəticəsində ümumi generasiya gücü 1880 meqavat təşkil edəcək”, – deyə “Azərenerji”nin prezidenti əlavə edib.