Azərkosmos-un müştəri sayı azalsa da, “dollarda olan” gəlirləri kəskin artıb
2026-cı ilin yanvar–iyun aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 33 ölkəsindən olan 90-a yaxın şirkətə 13,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri göstərilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə “Azərkosmos”un ixracdan əldə etdiyi gəlirlər ümumi gəlirlərinin 63%-ni təşkil edib. Ötən ilin eyni dövründə isə agentlik dünyanın 41 ölkəsinə 8,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac etmiş, ixracın ümumi gəlirlərdə payı 65% olmuşdu.
Beləliklə, 2026-cı ilin ilk yarısında “Azərkosmos”un peyk telekommunikasiya xidmətlərinin ixrac gəlirləri illik müqayisədə 4,6 milyon ABŞ dolları və ya təxminən 54% artıb. Bununla yanaşı, xidmət göstərilən ölkələrin sayı 41-dən 33-ə enib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracında ilk beşlikdə 2,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq qərarlaşıb. Sonrakı yerlərdə 1,6 milyon ABŞ dolları ilə Lüksemburq, 605,4 min ABŞ dolları ilə Türkiyə, 603,4 min ABŞ dolları ilə Pakistan və 327,9 min ABŞ dolları ilə Misir yer alıb.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk yarısında ilk beşlikdə Birləşmiş Krallıq (2,3 milyon ABŞ dolları), Lüksemburq (1,8 milyon ABŞ dolları), Nigeriya (436 min ABŞ dolları), Türkiyə (385,1 min ABŞ dolları) və Misir (357,9 min ABŞ dolları) yer almışdı.


