Azərşəkər MMC əlaqələrini genişləndirir

Azərşəkər MMC əlaqələrini genişləndirir
Kənd təsərrüfatına dəyər qatan, son texnoloji yenilikləri tətbiq edən Azərşəkər MMC heyvandarlıq layihələri üçün beynəlxalq şirkətlərlə əməkdaşlığa başlayır.
İstehsal etdiyi kənd təsərrüfatı məhsullarına yüksək əlavə dəyər gətirmək və ərzaq təhlükəsizliyini dəstəkləmək üçün şirkətimiz yeni investisiya imkanlarını araşdırmaqdadır. Süd və ət istehsalına yatırımların dəyərləndirilməsi və bu sahədə son texnologiya və təcrübələrin cəlb edilməsi üçün İngiltərənin Genus ABS Global şirkəti ilə anlaşma memorandumu imzalanıb.
Azərşəkər MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev qeyd edib ki, "Genus ABS Global" şirkəti heyvanarlıq sahəsində dünyada lider şirkətlərdən biridir: "Əminik ki, hər iki şirkətin əməkdaşlığı nəticəsində ölkəmizdə rəqabətli və ixrac potensialına malik südlük və ətlik heyvandarlıq təsərrüfatları yaradılacaq. Yeni təsərrüfatların Qarabağ iqtisadi zonasında qurulması imkanları da şirkətimiz tərəfindən dəyərləndirilməkdədir”.
Eyni zamanda Genus ABS Global şirkətinin region üzrə direktoru Mark Smit (Mark Smith) bildirib ki, “Hazırki iş birliyi hesabına Azərbaycanda məhsuldarlığı və effektivliyi Avropa normalarına uyğun süd və ət istehsalı təsərrüfatlarının qurulması mümkündür”.