Badam və qoz bağlarının güzəştli sığortası başlayıb

Badam və qoz bağlarının güzəştli sığortası başlayıb

Son illər Azərbaycanda geniş yayılan və iş adamlarına böyük gəlir gətirən badam və qoz bağlarının sığortası başlayıb.


Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində ilk dəfə olaraq badam və qoz bağlarının da sığortası mümkündür.


Aqrar Sığorta Fondundan BusinessTime-a verilən məlumata görə, Nazirlər Kabinetinin 21 dekabr 2021-ci il tarixli qərarı ilə badam və qoz bitkiləri aqrar sığorta predmetlərinin siyahısına daxil edilib. Nəticədə bağ sahibləri öz əkinlərini yeni mexanizm vasitəsilə güzəştli şərtlərlə sığorta edə bilərlər.

Son illər Azərbaycanda badam və qoz bağlarının salınması geniş vüsət alıb. Hazırda ölkə ərazisində 2700 hektar badam bağı var, bunun yarısı intensiv və superintensiv bağlardır.

Ən çox badam bağları Abşeron, Qax, Ağsu, İsmayıllı, Siyəzən, Şamran və Füzulidədir.

Qoz bağları isə 6 200 hektardan artıqdır. Ölkədə ən çox qoz bağları Oğuz, Şəki, Zaqatala, Quba, İsmayıllı və Ağcabədidədir.

Badam və qoz bağlarının aqrar sığorta haqqı regiondan və məhsuldarlıqdan asılıdır. Ölkənin müxtəlif regionlarda baza zərfi üzrə badam bağının sığortası üçün tariflər 1,56%-2,95% arasında, qoz bağı üçün tariflər isə 2,08%-4,20% arasında dəyişir.