Bakı ilə münasibətlərimizdə dollar və avrodan uzaqlaşırıq
2024-cü ilin əvvəlinə Moskva və Bakı arasında qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə 54 faiz təşkil edib.
Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov "İzvestiya" qəzetinə müsahibəsində bildirib.
“Bu ilin əvvəlində Rusiya və Azərbaycanın milli valyutalarından (rubl və manat) istifadə 54 faizi ötüb, yəni, biz Bakı ilə münasibətlərimizdə dollar və avrodan uzaqlaşırıq”, - deyə səfir qeyd edib.
Onun sözlərinə görə, Qərbin sanksiyaları Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə səbəb olub. “Mövcud vəziyyətə və Qərbin sanksiyalarına gəlincə, bu, - qərblilərin hesablamalarının əksinə, - ölkələrimiz arasında daha sıx əlaqələri təşviq etdiyinə bir nümunədir”, - deyə diplomat əlavə edib.
Yevdokimov iqtisadi layihələr arasında Rusiyanın “KamAZ” şirkətinin Azərbaycanda gördüyü işləri, Bakı metropoliteni üçün avtomobillərin, eləcə də digər ictimai nəqliyyat növlərinin tədarükü layihələrini xüsusi qeyd edib. Səfir vurğulayıb ki, söhbət təkcə Rusiyadan lazımi avadanlıqların alınmasından deyil, həm də Azərbaycana gətirilən avadanlığın yığılmasının, lokallaşdırılmasının və texniki xidmətinin yaradılmasından gedir. Onun sözlərinə görə, bu, ölkələr arasında dərin sənaye əməkdaşlığından xəbər verir.
AZƏRTAC