"Bank BTB" BOKT-a çevrilir, aktivləri və öhdəlikləri ABB-yə ötürülür

"Bank BTB" BOKT-a çevrilir,

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin ötən gün qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB" ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkil edilməsinə qabaqcadan razılıq verilib.

BusinessTime AMB-yə istinadən xəbər verir ki, bu çevrilmə istiqamətində zəruri tədbirlər "Bankların yenidən təşkili haqqında Qaydalar"la müəyyən edilmiş prosesə uyğun olaraq tənzimləyici qurumun nəzarəti altında həyata keçiriləcək.

Bu çərçivədə, "Bank BTB" ASC ilə aktivlərinin məbləğinə görə ölkənin ən iri bankı olan "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanıb. Bu müqaviləyə uyğun olaraq "Bank BTB"də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB-nin onların depozitlərini geri qaytarması təmin olunacaq. Həmçinin, "Bank BTB"yə kredit borcu və yaxud digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulunu ABB həyata keçirəcək. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və "Bank BTB" müvafiq kommunikasiya kanalları vasitəsilə çatdıracaq.

Beləliklə, "Bank BTB"nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır. Qurumun ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0,6 %, kredit portfelində 0,9 %, sektorun öhdəliklərində isə 0,6 % təşkil edir.

Bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı 3-cü haldır. Bundan əvvəl "Parabank" ASC "Para" ASC BOKT-a, "Naxçıvan Bank" ASC isə "E-kredit" MMC BOKT-a çevrilib.

Beləliklə, Azərbaycanda bankların sayı 22-dən 21-ə düşəcək.

Məsələyə münasibət bildirən ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib ki, "Bank BTB"nin aktivlərinin alınması və öhdəliklərinin ötürülməsi təşəbbüsü müsbət qiymətləndirilib, artıq bununla bağlı prosedurlara başlanıb. Onun sözlərinə görə, bu qərar ABB-nin strateji inkişaf hədəflərinə, böyümə niyyətlərinə, o cümlədən müştəri bazasını və portfelini genişləndirmək məqsədlərinə uyğundur.

"Bu prosesdə "Bank BTB"-nin müştərilərinin, o cümlədən Bankın əmanətçilərinin maraqları tam qorunacaq. "Bank BTB"də depozitləri, cari hesabları olan fiziki və hüquqi şəxslər mövcud müqavilə şərtlərinə uyğun şəkildə ABB ilə əməkdaşlıq münasibətlərinə davam edə bilər. "Bank BTB"yə kredit borcu olmuş müştərilər də kredit müqaviləsi üzrə öhdəliklərini mövcud müqavilə şərtləri əsasında ABB-də yerinə yetirəcəklər. Proseslə bağlı müştərilərə əlavə məlumatlar təqdim ediləcək. Bu addım ölkəmizdə maliyyə sisteminin sabitliyinə xidmət göstərəcək, ABB-nin ölkə iqtisadiyyatına, xüsusilə real sektorun maliyyələşdirilməsinə dəstək imkanlarını genişləndirəcək", - deyə A.İbrahimov qeyd edib.