“Birbank”ın adından dələduzluq var
Son zamanlar kiberdələduzlar tərəfindən “Kapital Bank” ASC-nin rəqəmsal bankçılıq xidməti “Birbank”ın adından dələduzluq həyata keçirilir.
Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Dələduzlar vətəndaşlara saxta SMS-lər göndərərək bank hesablarında şübhəli halın aşkarlandığını deyir və təhlükəsizlik üçün mesajda qeyd edilən saxta keçidə daxil olub müəyyən addımları həyata keçirmələrini tələb edirlər. Keçidə daxil olduqdan sonra vətəndaşlardan bank kartı və digər fərdi məlumatları tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu cür mesajlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi və rəsmi məlumatları yalnız qurumların özündən dəqiqləşdirməyi tövsiyə edir.