“Bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq” - Prezident
“Biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
“Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı. Biz demək olar ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir.
Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı istər sosial, iqtisadi, hərbi, istərsə də, xarici siyasət olsun, bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər” - dövlət başçısı vurğulayıb. (qafqazinfo)


