Bu il hansı avtomobillər bahalaşacaq? - AÇIQLAMA
Yanvarın 1-dən Azərbaycana gətirilən köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılıb. Bu artımın ölkəyə gətirilən köhnə avtomobillərə marağın azalmasına və daxili bazara tələbatın artmasına səbəb olacağı ehimal edilir.
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov İqtisadiyyat.az-a açıqlamasında fikirlərini bölüşüb.
Onun sözlərinə görə, yaşı 7 ildən çox olan maşınların mühərrik həcminə görə alınan aksiz dərəcələrinin yüksəlməsi həm benzin, həm də dizel mühərrikli avtomobillərin idxalına görə təsir edəcək.
Ekspertin fikrincə, belə maşınlar bu prosesdə cəlbedici olmayacaq: "Yəni bu maşınların alınması və satılması o qədər cəlbedici olmayacaq. Amma bunun müqabilində yaşı 7-ə qədər olan maşınlara tələb daha da artacaq".
Mütəxəssis söyləyib ki, ötən ildən etibarən qismən yeni avtomobillərə marağın artdığı müşahidə edilir: "Yəni daha çox köhnəlmiş maşınlara maraq azalır. Onsuz da yaşı 10 ildən çox olan maşınların Azərbaycana idxalı məhdudlaşdırılıb. Ölkəmizə istehsal tarixi 10 ilə qədər olan maşınlar idxal olunur. Bu addımla ölkədə avtomobil parkının yenilənməsinə şərait yaradılıb. Aksiz dərəcələrinin yüksəlməsi isə yaşı 7 ildən çox olan avtomobillərə olan marağı azaldır. Təbii ki, əgər istehsal tarixi 7 ilə qədər maşınlara maraq artırsa, belə maşınların qiymətində artım müşahidə olunacaq. Bu il ərzində müəyyən qərarlarla maşınların qiymətinin artmasını gözləyirik".
E.Cəfərov xatırladıb ki, hibrid avtomobillərə tətbiq edilən ƏDV güzəştləri də bitib: "Bu, gözlənilən idi. Yenə də deyim ki, bu ilin birinci kvartalında idxal olunan avtomobillərin qiymətində artım olacaq. Amma bu, kəskin qiymət artımı deyil və 10 faizdən 20 faizə qədər ola bilər. Ancaq təqribi bir orta rəqəm götürsək, qiymətlər 10 faiz civarında yüksələ bilər".
Müəllif

