Daşınmaz əmlak sahəsində tariflər azaldılıb

Daşınmaz əmlak sahəsində tariflər azaldılıb

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətləri üzrə tariflər, həmçinin dərman vasitələrinin qiymətləri təsdiq edilib.

Tarif Şurasının katibliyindən bildirilib ki, yeni tariflərlə bir sıra güzəştlər nəzərdə tutulur. Bu güzəştlər çərçivəsində şəhid ailəsi üzvlərinin, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına, işğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz əmlak obyektlərinə münasibətdə xidmət haqqına 50 faiz güzəşt tətbiq olunur. Bununla yanaşı, kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar üzrə, eləcə də çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər azaldılıb. Sahəsi 1000 kvadratmetrə qədər olan əmlakların tariflərində də azalma tətbiq olunur. Yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmətlərdə xərclər azalır.

Şuranın qərarına əsasən, tariflərin sayı 79-dan 60-a endirilib, qanunvericiliyə dəyişikliklər nəticəsində yaranmış yeni 9 xidmət üzrə tariflər müəyyənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb, xidmət göstərilmədiyi üçün 29 tarif ləğv edilib, 5 tarif alt qruplara keçirilərək ümumiləşdirilib. Xidmət sayının optimallaşdırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tamamilə ləğv edilməsinə imkan yaradıb. Həmçinin yaşayış sahələrinin qeyri-yaşayış sahələri hesabına çarpaz maliyyələşdirilməsinin aradan qaldırılması məqsədilə müvafiq tariflərə dəyişikliklər edilib.

İclasda, həmçinin yeni dövlət qeydiyyatına alınan 95 dərman vasitəsinin qiyməti təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 47 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Şuranın rəsmi saytının “Şuranın qərarları” bölməsində tanış olmaq olar.