Dünya ərzaq böhranı ilə üz-üzədir - XƏBƏRDARLIQ
Beynəlxalq Enerji Agentliyinin (IEA) direktoru Fatih Birol Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazı ətrafındakı vəziyyət səbəbindən qlobal ərzaq böhranı təhlükəsi barədə xəbərdarlıq edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birol "Der Spiegel" jurnalına verdiyi müsahibədə bildirib.
"Qiymətlər bir müddət yüksək və dəyişkən qalacaq. Dünya tarixində ən böyük enerji böhranını yaşayırıq. Neft, təbii qaz və yanacaq kimi məhsulların istehsalı və təchizatındakı fasilələr hazırda əvvəlki üç enerji böhranının hamısındakı itkilərdən daha çoxdur. Fars körfəzindən gələn digər malların, əsasən də gübrələrin çatışmazlığı mövcuddur.
Biz qlobal ərzaq böhranı ilə üzləşə bilərik. Qlobal iqtisadiyyatın taleyi indi sözün əsl mənasında Hörmüz boğazından — bəzi yerlərdə eni cəmi 30 kilometr olan gəmiçilik zolağından asılıdır. Yaxın Şərqdəki münaqişə zamanı neft və qaz yataqları, neft emalı zavodları, mayeləşdirilmiş təbii qaz terminalları və boru kəmərləri də daxil olmaqla ən azı 80 enerji obyekti zədələnib. Onların üçdə biri ciddi və ya çox ciddi ziyan görüb.
Ən yaxşı ssenaridə - Hörmüz boğazı təhlükəsiz keçid üçün tamamilə yenidən açılarsa belə neft və qaz sənayesinin müharibədən əvvəlki istehsal səviyyələrinə qayıtması uzun müddət çəkəcək. Əgər atəşkəs pozularsa və İran Hörmüz boğazını bağlayarsa, enerji böhranı dərhal "qırmızı zona"ya qayıdacaq", - deyə o bildirib.

