Dünyada ilk dəfə: BƏƏ-də məhkəmə qərarlarını süni intellekt verəcək
Əbu-Dabi Məhkəmə Departamenti dünyada ilk dəfə olaraq hüquqi və məhkəmə qərarlarının qəbuluna dəstək verəcək süni intellekt (Sİ) platformasını inteqrasiya etdiyini bəyan edib.
Bu barədə WAM agentliyi məlumat yayıb.
Bildirilib ki, yeni sistemin fəaliyyətinə birbaşa insan tərəfindən nəzarət olunacaq. Bu texnologiyanın tətbiqi məhkəmə proseslərində həm dəqiqliyi, həm də səmərəliliyi əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Sistem ilkin versiyada sentyabr ayında fəaliyyətə başlayacaq və növbəti 18 ay ərzində mərhələli şəkildə tam istifadəyə veriləcək.
BƏƏ-nin vitse-prezidenti, baş nazirin müavini və Prezident Administrasiyasının rəhbəri şeyx Mənsur bin Zayed Əl Nəhyan xüsusi olaraq vurğulayıb ki, belə bir platformanın istifadəyə verilməsi "innovasiyaların daha sürətli və effektiv ədalət mühakiməsinə aparan yol" olduğunu bir daha sübut edir.
Oxu.az


