“PAŞA Sığorta”nın investisiya portfeli 294 milyon manata yüksəlib
Azərbaycanda qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən “PAŞA Sığorta” ASC-nin investisiya portfeli 2026-cı il sentyabrın sonuna 294.11 mln. manata çatıb. Bu, ötən ilin eyni dövründəki 265.18 mln. manatla müqayisədə 10.9% və ya 28.94 mln. manat çoxdur.
Portfeldə ən böyük artım bank depozitlərində qeydə alınıb. Şirkətin depozitlərə yerləşdirdiyi vəsait 80.3% artaraq 89 mln. manatdan 160.50 mln. manata yüksəlib. Nəticədə depozitlərin investisiya portfelində payı 33.6%-dən 54.6%-ə çatıb və onlar portfelin ən böyük hissəsinə çevrilib.
İstiqrazlara yatırımlar isə 28.7% azalaraq 151.54 mln. manatdan 108.12 mln. manata enib. Bunun 102.11 mln. manatını dövlət istiqrazları, 6.01 mln. manatını qeyri-dövlət istiqrazları təşkil edib. Ötən ilin eyni dövründə həmin göstəricilər müvafiq olaraq 123.41 mln. manat və 28.12 mln. manat olub. Beləliklə, istiqrazların portfeldə payı 57.1%-dən 36.8%-ə düşüb.
Digər investisiyaların həcmi isə 3.5% artaraq 24.64 mln. manatdan 25.49 mln. manata yüksəlib.
Portfelin böyüməsi ilə yanaşı, investisiya fəaliyyətindən əldə olunan xalis mənfəət də artıb. Şirkət 2026-cı ilin ilk doqquz ayında bu istiqamətdən 19.28 mln. manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövründəki 16.84 mln. manatla müqayisədə 14.5% çoxdur.
Artımın əsas mənbəyi depozit gəlirləri olub. Depozitlərdən əldə olunan faiz gəlirləri 105.3% artaraq 5.03 mln. manatdan 10.33 mln. manata yüksəlib. Bununla depozitlərin ümumi xalis investisiya mənfəətində payı 29.9%-dən 53.6%-ə çatıb.
İstiqrazlardan xalis investisiya mənfəəti isə 40.2% azalaraq 8.31 mln. manatdan 4.97 mln. manata enib. Digər investisiyalardan xalis mənfəət 13.8% artaraq 3.50 mln. manatdan 3.98 mln. manata yüksəlib.
Ümumilikdə, “PAŞA Sığorta” ilk doqquz ayı 21.88 mln. manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 24.49 mln. manat təşkil edib.


