“Elə rayonlar var ki, torpağın qiyməti Bakı ilə eyni səviyyəyə gəlib çatıb”
“Bakıda torpaq bazarında stabillik hökm sürür”
Bunu İqtisadiyyat.az-a açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.
Onun sözlərinə görə, qış aylarına doğru getdiyinə görə torpaq bazarında alqı-satqı əməliyyatları bir qədər səngiyib:
“Ancaq torpaq bazarı çox likviddir. Bazara çıxan torpaqlar demək olar ki, tez bir zamanda alınır. Torpaq bazarında qiymətlər hər zaman artır, çünki torpaq sahələri məhduddur. Şəhər mərkəzində torpaq sahələri demək olar ki, yoxdur. Mövcud olanların da qiyməti milyonlarla ölçülür ki, onu da bina və iri biznes mərkəzlərinin inşası üçün alırlar. Yəni bazarda belə alıcıların sayı çox azdır, 5-10 faizdən çox deyil”.
Ekspert söyləyib ki, fərdi yaşayış evi tikmək üçün torpaq axtaranlar Bakı ətrafı ərazilərə və Abşeron rayonuna üz tuturlar: “Orada da torpaqların bir sotunun qiyməti minimum 3 min manatdan başlayır. Son aylarda qiymət artımı davam edir. Deyərdim ki, yaxın vaxtlarda minimum qiymət 5 min manatdan aşağı olmayacaq”.
Ramil Qasımzadənin sözlərinə görə, regionlarda da torpaq qiymətləri artır: “Kəndlərdə də torpağın bir sotunun qiyməti 500 manatdan başlayır. Elə rayonların mərkəzləri var ki, torpağın qiyməti 20-30 min manatdır, Bakının müəyyən hissələri ilə eyni səviyyəyə gəlib çatıb”.

