Əməkdaşlıq Memorandumu imzalanıb

Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Respublikasının kənd təsərrüfatı, elm və təhsil nazirlərinin, “Aqrar Məşvərət Şurası” İctimai Birliyinə üzv şirkətlərin rəhbərlərinin, o cümlədən aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Şuranın 12-ci görüşü keçirilib.

Görüşdə “Aqrar sahə üzrə təhsil sisteminin inkişaf etdirilməsi” mövzusunda müxtəlif təqdimatlar edilib və ətraflı müzakirələr aparılıb.

Tədbirin yekununda “Aqrar Məşvərət Şurası” İctimai Birliyi ilə Azərbaycan Dövlət Aqrar Universiteti Publik hüquqi şəxs arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandumun məqsədi tələbələrin aqrar təhsilə marağını artırmaq, tədris fəaliyyətlərini fəallaşdırmaq, tədrisdə əldə etdikləri nailiyyətlərini qiymətləndirmək, onların gələcəkdə yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına dəstək olmaqdır.

Memorandum çərçivəsində “Aqrar Məşvərət Şurası” İctimai Birliyi tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavriat səviyyəsinin “Aqronomluq”, ”Baytarlıq təbabəti”, “Zoomühəndislik” və “Aqromühəndislik” ixtisasları üzrə yüksək təhsil göstəricilərinə görə uğur qazanan bir qrup, əyani formada təhsil alan II və III kurs tələbələri üçün “Azərbaycanın gənc aqro liderləri” təqaüdünün verilməsi nəzərdə tutulur.