Gənclər və idman naziri Fərid Qayıbovun doğum günüdür
Gənclər və idman naziri Fərid Qayıbovun bu gün doğum günüdür.
BusinessTime.az xatırladır ki, Fərid Fazil oğlu Qayıbov 1979-cu ilin aprelin 24-də Bakıda anadan olub. 1995-сi ildə Bakı şəhəri 1 saylı orta məktəbini bitirib.
1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Dövlət İqtisad İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsini bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini bitirib.
2014-cü ildə Sankt-Peterburqda P.F.Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.
2021-ci ildə XXIV MEMOS İcraçı magistr proqramına (İdman təşkilatının idarə olunması üzrə icraçı magistr) qəbul olunub.
2001-2003-cü illərdə “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin Planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışıb.
2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman və logistika üzrə meneceri, 2005-2006-cı illərdə isə federasiyanın baş meneceri vəzifəsində çalışıb. 2006-cı və 2010-cu illərdə AGF-nin hesabat-seçki konfransında federasiyanın baş katibi vəzifəsinə seçilib.
2013-cü ildə Avropa Gimnastika İttifaqının (UEG) vitse-prezidenti, 2017-ci ildə isə prezidenti vəzifəsinə seçilib. Qitə təşkilatının prezidenti seçilməsi ilə əlaqədar, AGF-nin Baş katibi vəzifəsindən istefa verib.
2013-cü ildən Milli Olimpiya Komitəsinin üzvüdür. 2008 və 2012-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Şura üzvü seçilib.
2017-ci ilin dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda Apellyasiya Hakimlər Briqadasının üzvü olub.
Ailəlidir, iki oğlu və bir qızı var.