Gömrük xətti ilə büdcə daxilolmaları 24,6% artıb

Gömrük xətti ilə büdcə daxilolmaları 24,6% artıb

Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 539 750,6 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,6% çoxdur.

BusinessTime.az-ın DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 14,5% artaraq 638 310,7 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 30,4% artaraq 1 802 834,4 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk altı ayında daxilolmalar 10,2% azalaraq 69 916,4 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 28 688,9 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 38,3% çoxdur.
Bu ilin iyun ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 475 956,9 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 26,5%, bu ilin may ayı ilə müqayisədə isə 12,7% çoxdur.

Bu ilin iyun ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 19% artaraq 123 918,8 min manat olub. Bu ilin may ayı ilə müqayisədə isə bu göstərici həmçinin 19% artıb.

Bununla yanaşı, cari ilin iyun ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 31% artaraq 330 235,8 min manat (bu ilin may ayı ilə müqayisədə 10,8% çox), aksizlər üzrə 4,9% artaraq 16 445,8 min manat (may ilə müqayisədə 20,8% çox), yol vergisi üzrə daxilolmalar isə 47% artaraq 5 356.5 min manat (may ilə müqayisədə 18,3% az) təşkil edib.