“İcbari Sığorta Bürosu” 13 yaşında!
Noyabrın 29-u “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) fəaliyyətə başladığı gündür. İSB “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla hüquqi şəxslərin ittifaqı qeyri-kommersiya təşkilatı kimi təsis edilib və 29 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınıb.
Büronun əsas məqsədi zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etməkdən ibarətdir.
13 il ərzində İSB ölkədə icbari sığorta sisteminin tətbiqi və inkişafında mühüm rol oynayıb və həmçinin sığortaçıların, sığorta olunanların və sığorta sistemi iştirakçılarının hüquqlarının müdafiəsini uğurla təmin edib.
İSB tərəfindən hazırda 5 növdə sığorta fəaliyyətinin tənzimlənməsi həyata keçirilir:
Daşınmaz əmlakın icbari sığortası
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
Sərnişinlərin icbari fərdi qəza sığortası
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
İSB rəqəmsallaşmanın tətbiqi ilə sığorta sisteminin daha da təkmilləşdirilməsi və effektivliyinin artırılmasını hədəfləyir. Büronun bu istiqamətdə atacağı addımlar ölkənin sığorta bazarını müasir dövrün çağırışlarına və tələblərinə uyğunlaşdırmağa, şəffaflıq və səmərəliliyin artırılmasına, qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə töhfə verəcək.