“İkili standartlar” siyasətinin təzahürü” - RƏY

“İkili standartlar” siyasətinin təzahürü”

Azərbaycan sülhsevər ölkədir. Ölkəmiz qonşu ölkələr, xüsusən də Avropa dövlətləri ilə qarşılıqlı dostluq və ticarət əlaqələrini hər zaman genişləndirir, bu istiqamətdə daim yeni inkişaf planları və layihələrlə çıxış edir. Bu tarixən də belə olub, bu gün də belə davam edir.

Lakin hazırki dönəmdə bəzi Avropa dövlətləri və siyasətçiləri bunu görməzdən gəlir, nədənsə Azərbaycanın sülh istəyi və addımlarına tərs yanaşma sərgiləyir, qərəzlərini açıq-aşkar bildirməkdən belə çəkinməyərək, ölkəmizə qarşı açıq iftiralar irəli sürürlər. Əsasən də 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərimiz və suverenliyimizin tam bərpasından sonra qalibiyyətimizi həzm edə bilməyən bəzi qüvvələr ermənipərəst mövqelərindən əl çəkmir, bu yöndəki siyasi fəaliyyətlərini açıq davam etdirirlər. Bu isə iki ölkə arasında sülh sazişini gecikdirməklə yanaşı, danışıqların başqa məcraya meyllənməsinə sövq edir. Belə ki, Azərbaycan sülh yönümlü danışıqlarda və diplomatik münasibətlərdə, regionda inkişaf və sabitliyin təmin olunması istiqamətində nə qədər aktivlik göstərsə də, bəzi oyunbaz dünya siyasətçiləri və “liderlərin” anti-Azərbaycan fəaliyyəti yenə davam etməkdədir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev cari ilin 28 fevral tarixində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bu istiqamətdə bəzi məqamlara aydınlıq gətirmiş, sülhü, sabitlik və inkişafı hər zaman öncəlik hesab edən Azərbaycana qarşı “birlik” nümayiş etdirənlərə önəmli fikirlərini, mesajlarını göndərmişdir. Ölkə başçısı cənab İlham Əliyev görüşdən mənnunluğunu ifadə etmiş; “Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynayıb” deyərək bu əlaqələrin daha da inkişaf etməsində hər iki dövlətin töhfə verəcəyindən əminliyini bildirmişdir. Almaniyanın dövlət siyasətində neytrallıq nümayiş olunsa da, Azərbaycana qarşı qərəzli yanaşma olmasa da, göründüyünün əksi olaraq ictimaiyyətinə başqa mövqe sərgilənir. Bəli, Dövlət rəhbərinin də qeyd etdiyi kimi “Son dövrlər bəzi dövlətlərdən fərqli olaraq Almaniya alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir”. Bu fikirləri cənab Prezident xüsusilə Fransanın son dövrlər ərzində sərgilədiyi siyasətin utancverici olduğunu bildirdi. “Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Azərbaycan sülhə addım atdıqca bir sıra dünya birlikləri  açıq-aşkar ikili siyasət yürütməkdə davam edir” deyən Ölkə başçısı çıxışında sülh yolunda süni maneələr yaradan, gərəksiz səddlər atan siyasi liderlərə mesajını kəskin fikirləri ilə çatdırmışdır. Göründüyü kimi ermənipərəst qüvvələr Qafqazda sakitliyə hələ də hazır deyil, onlar burada suyu bulandırmaqla regionda sabitliyin bərqərar olmasına deyil, erməniləri daha da qızışdıraraq sülhə kölgə salmaq kimi qeyri-humanist fəaliyyətlə məşğuldurlar. Bu isə aydın məsələdir ki, nə xoş gələcək vəd edir,  nə də dünyanın hazırki qarışıq durumunda xoş təəsürat yaradır. Çünki, onlar məğlub Ermənistanı danışıqlar masasında beynəlxalq hüquq normalarına uyğun proqram çərçivəsində məcburetmə və sülhə təşviq etmək əvəzinə bu ölkəni silahlandırılmasına çalışır, əks fəaliyyət həyata keçirirlər. Bu da beyinləri anti-türk düşüncəsi ilə yuyulmuş ermənilərin revanşist arzularının alovlanmasına şərait yaradır, regionda yeni müharibə ocağının yaranmasına gətirib çıxarır.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev görüşdə bir sıra mühüm məsələlərə də toxunmuş, anti-Azərbaycan meylli qüvvələrə ciddi mesajını duyurmuşdur: “Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul edilir, Azərbaycan isə demonizə edilir. Belə bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir... Bütün bunlar bizim həyata keçirdiyimiz işlərə mane ola bilərmi?! Xeyr! Biz istər ərazi bütövlüyünün bərpası, istər iqtisadi gündəliyimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük”.

Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi Azərbaycan özünü hərtərəfli  təmin edən ölkədir. Dövlətçiliyimizin qorunması, ölkəmizin inkişafı, vətəndaşlarımızın normal həyat rifahına xidmət edən xarici və daxili siyasətimiz, bu yöndə həyata keçirilən işlər Azərbaycanımızın inkişafı naminə bu günün və gələcəyin öhdəliyidir. Dövlət rəhbərimizin qeyd etdiyi kimi: “Kimsə bizim inkişafımıza töhfə vermək istəyirsə biz minnətdar olarıq. Bu olmazsa biz yenə də təəssüflənməyəcəyik”.

Nəzakət Quluqızı;
Neftçala rayonu, ictimai fəal, yazar