İqlim dəyişiklikləri əməyin mühafizəsində yeni yanaşmalar tələb edir

İqlim dəyişiklikləri əməyin mühafizəsində yeni yanaşmalar tələb edir

İqlim dəyişiklikləri əmək mühitində yeni risklərin formalaşmasına səbəb olur və əməyin mühafizəsi sistemində mövcud yanaşmaların yenilənməsini zəruri edir.

Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “İqlim dəyişikliyi şəraitində əməyin mühafizəsi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

N. Mirzəyeva bildirib ki, iqlim dəyişikliklərinin əmək mühitinə təsirlərinə yalnız ayrı-ayrı iqlim hadisələri kontekstində deyil, uzunmüddətli perspektivdə yanaşmaq lazımdır. Onun sözlərinə görə, dəyişən iqlim şəraiti əmək mühitində mövcud risklərin xarakterinə və intensivliyinə təsir edir, eyni zamanda yeni peşə risklərinin meydana çıxmasına səbəb olur.

Rəis müavini qeyd edib ki, məhz buna görə iqlim dəyişikliklərinin yaratdığı yeni risklər qarşısında reaktiv yanaşmadan preventiv və proaktiv yanaşmaya keçid xüsusi əhəmiyyət daşıyır. Biz yalnız işçi istilik stresi ilə üzləşdikdən, peşə xəstəliyi yarandıqdan və ya bədbəxt hadisə baş verdikdən sonra tədbir görməməliyik. Riskin hansı şəraitdə və hansı işçi qrupları üçün yarana biləcəyini əvvəlcədən müəyyən etməli, qiymətləndirməli və onun reallaşmasının qarşısını alan tədbirləri qabaqcadan planlaşdırmalıyıq. O, vurğulayıb ki, xüsusilə açıq havada çalışanlar, yüksək temperatur və rütubətə, ultrabənövşəyi şüalanmaya və digər iqlimlə əlaqəli təhlükələrə məruz qalan işçilər üzrə risklər ayrıca qiymətləndirilməli, işin təşkili bu risklərə uyğunlaşdırılmalıdır.

Azərbaycan Respublikasının ratifikasiya etdiyi Beynəlxalq Əmək Təşkilatının 155 və 187 Konvensiyaları da məhz buna çağırış edir. Bu fundamental Konvensiyalar əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində ilk növbədə preventiv yanaşmanın formalaşdırılmasını, risklərin əvvəlcədən müəyyən edilərək qiymətləndirilməsini, onların mənbəyinin aradan qaldırılmasını nəzərdə tutur.

“Əməyin mühafizəsi sisteminin dəyişən şərtlərə uyğunlaşması artıq zərurətdir. Burada həm normativ hüquqi tənzimləmənin, həm iş yerlərinin təşkilinin, həm də işçilərin təhlükəsizliyinin təmin olunması mexanizmlərinin müasir risklərə uyğunlaşdırılması ön plana çıxır”, - deyə N. Mirzəyeva bildirib.
Rəis müavininin sözlərinə görə Dövlət Əmək Müfəttişliyi Xidməti hazırda yeni proaktiv və preventiv layihələr üzərində işlər aparır. Dövlət qurumları ilə yanaşı, işəgötürən və işçilərin də bu proseslərdə fəal iştirakı mühüm əhəmiyyət daşıyır.