Kapital bazarının yeni mərhələyə keçidi gözlənilir - AÇIQLAMA

Kapital bazarının yeni mərhələyə keçidi gözlənilir

“Son illərdə kapital bazarında daha çox korporativ qiymətli kağızların emissiya olunduğunu görürük. Şirkətlərin bu aktivliyi kapital bazarlarının inkişafı və şəffaflığın təmin olunması üçün atılan addımların nəticəsidir”. Bu fikri kapital bazarı üzrə ekspert Cəfər İbrahimli “vergiler.az”a açıqlamasında səsləndirib.

Ekspertin sözlərinə görə, bu sektorda şəffaflığın təmin olunması həm maliyyə alətlərinin çeşidliliyinin artması, həm də kapital bazarında olan investisiyaların real sektora transformasiyası məqsədi daşıyır: “Bu mənada son illərdə dövlət qiymətli kağızları ilə yanaşı, şirkətlərin korporativ kağızları da emissiya olunur. Bəzi dövlət şirkətlərinin həm istiqraz, həm də səhmlərinin emissiya prosesi başlanıb. 2026-cı ildə bu şirkətlərin daha ikisinin bazara gələcəyini gözləyirik”.

C.İbrahimli sektorun inkişafına dəstək olacaq əsas amillərdən biri kimi maliyyə çeşidliliyinin artırılması ilə bağlı qanunvericilik bazasında dəyişiklik edildiyini vurğulayıb. Xüsusilə, islam maliyyəsinin, sukuk alətinin tətbiqi ilə bağlı qanunvericiliyin üzərində iş aparıldığını deyib: “İnvestisiya fondları üzərində və törəmə maliyyə alətləri mexanizmi üzrə qanunvericiliyin təkrar formalaşdırılması istiqamətində işlər gedir. Hesab edirik ki, bunlar həll edildikdən sonra kapital bazarı yeni maliyyə alətləri, yeni mexanizmlər üzərindən real sektorun maliyyələşməsinə də dəstək ola biləcək. Bunun üçün kifayət qədər potensial mövcuddur. Kapital bazarının yeni bir mərhələyə keçməsi üçün, xüsusilə, sukuk və investisiya fondlarının bazara gəlişinə ehtiyac olduğu görünür. 2026-cı ildə və qarşıdakı illərdə bu tipli qiymətli kağızların da emissiya ediləcəyini görəcəyik”.

Son illərdə investisiya şirkətlərinin həm gəlirlərinin, həm də kapitallarının kifayət qədər artdığını deyən C.İbrahimli bununla bazara yetərincə investisiya edildiyini, bankların investisiya xidmətləri üçün lisenziya alaraq kapital bazarında aktivləşmələrinin likvidliyin artmasına müsbət təsir edəcəyini bildirib.

İqtisadçı Xalid Kərimli isə gələn il Azərbaycanın maliyyə sektorunda rəqəmsal plarformaların daha da genişlənəcəyini proqnozlaşdırır. O, ümumilikdə maliyyə sektorunda sabitliyin davam edəcəyini deyib: “Faizlərdə ciddi azalmanın baş verəcəyini gözləmirəm. Çünki Mərkəzi Bankın daha sərt pul siyasəti həyata keçirməsinin davam edəcəyini güman etmək olar. Maliyyə sektorunda sabitlik davam edəcək. Bankların rəqəmsal platformaları inkişaf edəcək. Sektor üçün əhəmiyyətli risklər yoxdur”.

Kreditlərə tələbatın artmasına gəlincə, X.Kərimli bildirib ki, inflyasiyaya mütənasib olaraq, daha çox istehlak kreditlərinin artacağı gözlənilir.