“Kiberməkanda saxta xəbərlərlə mübarizə”

“Kiberməkanda saxta xəbərlərlə mübarizə”

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən cari ilin sentyabr ayı ərzində jurnalistlər və media nümayəndələri üçün “Kiberməkanda saxta xəbərlərlə mübarizə” adlı təlim proqramına start verilib.

Bu gün start verilən təlimdə AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov “Kiberməkanda “saxta xəbər”: “dezinformasiya”, “misinformasiya”, “malinformasiya” anlayışları və onlar arasındakı fərqlər” mövzusunda çıxış edib.

Qeyd edib ki, son illər ölkəmizin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyinin təmin olunması sahəsində hüquqi, təşkilati və texniki sferalarda, o cümlədən vahid dövlət siyasətinin təkmilləşdirilməsi və informasiya təhlükəsizliyinin texnoloji infrastruktur komponentlərinin yaradılması istiqamətində məqsədyönlü işlər aparılır. Eləcə də kibercinayətlərlə mübarizə imkanlarının genişləndirilməsi məqsədilə bir sıra mühüm hüquqi və təşkilati tədbirlər görülmüş, sahə üzrə hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə ölkəmiz aidiyyəti beynəlxalq konvensiya və proqramlara qoşulmuş, milli qanunvericilik bazası inkişaf etdirilmişdi.

“Prezident İlham Əliyev tərəfindən bu yaxınlarda təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” özü-özlüyündə konseptual yol xəritəsi rolunu oynayır”, - deyə E.Balacanov qeyd edib: “Uzun müddət idi ki, bu sahədə yeni normativ-hüquqi aktların qəbul edilməsi üçün əsas olacaq, beynəlxalq rəqabət potensialımızı artıracaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəlməsinə əsas olacaq sahəvi milli strategiyanın təsdiq edilməsi ekspertlər və İT icması tərəfindən böyük səbirsizliklə gözlənilirdi. Strategiyaya nəzər salsaq görərik ki, mövcud vəziyyətin təhlili, hədəf göstəricilər, prioritet məqsədlər və tədbirlər planı bu sənədi yol xəritəsi adlandırmağımıza əsas verir”.

Daha sonra AKTA-nın İdarə Heyətinin sədr müavini Rauf Cabbarov “Medianın transformasiyası: rəqəmsal texnologiyalar və sosial media platformalarında saxta xəbər” mövzusunda çıxış edib. Rəqəmsal medianın son dövrdə daha çox aktuallaşdığını, fəaliyyətini genişləndirdiyini vurğulayan R.Cabbarov artıq auditoriyanın jurnalistikada ön plana çıxmasını diqqətə çatdırıb.

Qeyd olunub ki, “Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” layihəsinin əsas məqsədi media nümayəndələri arasında saxta xəbər konsepsiyası və onlara qarşı mübarizə sahəsində maarifləndirmənin aparılması, saxta xəbərlərin qarşısının alınması ilə əlaqədar media nümayəndələrinin iştirakının təşviq edilməsi və dəstəklənməsidir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilir.

Qeyd edək ki, “Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” adlı layihə çərçivəsində həyata keçiriləcək təlimlər dörd həftə davam edəcək. Təlim çərçivəsində AKTA-nın ekspertləri tərəfindən aparılacaq “Azərbaycan qanunvericiliyində və beynəlxalq hüquqda saxta xəbər və dezinformasiya anlayışı və məsuliyyət növləri”, “Dövlətlərin daxili işlərinə qarışmama kontekstində informasiya (və ya dezinformasiya) hücumları və onlara qarşı mübarizə”, “Passiv rəqəmsal iz (“footprinting”): axtarış motorları, Whois, Archive.org və digər mənbələr”, “Kibertəhlükəsizlikdə innovasiya, yeni texnologiyalar və “Metaverse”” və s. bu kimi mövzuları əhatə edəcək.