Küçədə alver etməyə qanun icazə verir - AÇIQLAMA
Gün ərzində küçədə meyvə-tərəvəz və müxtəlif məhsullar satan insanlarla tez-tez rastlaşırıq. Bəziləri bunu qanunsuz hesab edir, bəziləri isə tam normal sayaraq gündəlik alış-verişlərini həmin məhsulları satanlardan edirlər.
Bəs küçədə alver etməyə qanun icazə verirmi, yoxsa bu fəaliyyət müəyyən qaydalarla məhdudlaşdırılır?
Hüquqşünas Ramil Süleymanov Ölkə.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında küçə ticarəti qanunla qadağandır və İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, küçə ticarəti ilə məşğul olan şəxslər 80 manat məbləğində cərimə olunurlar:
"Lakin yeganə Bakı şəhəridir ki, burada səyyar ticarət aparılması qaydaları müəyyən olunub. Qaydalara əsasən, ərazidə yalnız Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müəyyən edilmiş yerlərdə ticarət aparmaq və ya ticarət nöqtələri təyin etmək mümkündür.
Amma eyni zamanda bildirmək istəyirəm ki, mütləq şəkildə həmin ərazi üzrə vergi orqanında qeydiyyatdan keçməklə, vergidən yayınmamaq şərti ilə vətəndaşlarımız əldə etdikləri gəlirə uyğun, münasib şəkildə vergi ödəməlidirlər. Qeyd etmək istəyirəm ki, digər rayon və şəhərlərdə küçə ticarətinin aparılması qanunvericilikdə və onların daxili qaydalarında tənzimlənməyib. Buna görə də həmin ərazilərdə küçə ticarətinin aparılması yol verilməzdir".

