“LU-MUN Holding” yenidən təşkil olunur – İki yeni şirkət yaradıldı
Azərbaycanda kənd təsərrüfatı və qida istehsalı sahələrində layihələr həyata keçirən investisiya şirkəti “LU-MUN Holding” MMC yenidən təşkil olunur.
Marja.az şirkətin elanına istinadən xəbər verir ki, yenidən təşkil ayrılma formasında həyata keçirilir.
Proses nəticəsində “LU-MUN Holding” MMC-nin tərkibindən “APC NOVA COMPANY” MMC və “LMH NOVA COMPANY” MMC adlı iki yeni hüquqi şəxs yaradılıb.
Ayrılma yolu ilə yenidən təşkil zamanı mövcud şirkətin hüquq və öhdəliklərinin müəyyən hissəsi bölünmə balansına uyğun olaraq yaradılan yeni hüquqi şəxslərə ötürülür. Elan edilən dəyişiklik holdinqin biznes istiqamətlərinin ayrı-ayrı şirkətlər üzrə strukturlaşdırılmasına xidmət edə bilər.
Yeni yaradılmış şirkətlərin nizamnamə kapitalı, qanuni təmsilçiləri, fəaliyyət istiqamətləri və “LU-MUN Holding”in aktivlərinin onlar arasında necə bölüşdürüləcəyi barədə məlumat açıqlanmayıb.


