Sahibkarlarla maliyyə-bank sektoru müzakirə edilib

Sahibkarlarla maliyyə-bank sektoru müzakirə edilib

KOB-ların maliyyə resurslarına çıxışı ilə bağlı sahibkarların müraciətləri və onlar arasında keçirilmiş sorğuların nəticələri barədə məlumat verilib 

Mərkəzi Bankın İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib. Aidiyyəti qurumların, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə sahibkarlarla maliyyə-bank sektoru arasında əməkdaşlığın gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılmasına dair müzakirələr aparılıb, təkliflər dinlənilib.

İclasda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların maliyyə resurslarına çıxışı, bu sahədə Agentliyə daxil olan müraciətlər və keçirilən sorğuların nəticələri barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycanda KOB-ların qarşılaşdıqları çətinliklərdən biri də maliyyə mənbələrinə çıxışla bağlıdır. Bu sahədə bir sıra dəstək mexanizmləri olsa da, bunlar sahibkarların maliyyə resurslarına olan ehtiyacının qarşılanması baxımından kifayət deyildir. Sahibkarlarla keçirilən görüşlər və aparılan sorğular zamanı biznes subyektləri kredit faizlərinin yüksək olması, regionlarda olan girov təminatının banklar tərəfindən qəbul edilməməsi, nağdlaşdırma əməliyyatları üzrə tutulan faizlərin yüksək olması və s. məsələləri qeyd edirlər. Alternativ maliyyə alətlərindən istifadə səviyyəsi isə qənaətbəxş deyildir.