“Marketinqdə böyük büdcə yox, ağıllı büdcə qalib gəlir”

“Marketinqdə böyük büdcə yox, ağıllı büdcə qalib gəlir”

Müsahibimiz: "Fly Media" şirkətinin rəhbəri, marketinq mütəxəssisi, Abbasəli Hüseynovdur.

Bu günki mövzumuz: Marketinqdə büdcə və effekt model 

– Cənab Hüseynov, qeyd edirsiniz ki, “büdcənin az olması problem deyil, doğru bölünməyən büdcə problemdir”. Gəlin başlayaq bu fikirdən. Marketinq üçün büdcə doğrudanmı bu qədər vacibdir?

– Bəli, büdcə marketinqin hərəkət mühərrikidir. Amma məsələ təkcə “pulun miqdarı”nda deyil. Ən vacib olan həmin büdcənin necə yönləndirilməsidir. Məsələn, Apple 2023-cü ildə təxminən 775 milyon dollar, Amazon isə 573 milyon dollar marketinqə pul xərcləyib. Amma bu xərclər onlarda ümumi gəlirin cəmi 1 faizinə yaxındır. Yəni, məqsəd çox xərcləmək yox, doğru investisiya etməkdir.

– Bəs Azərbaycanda bu yanaşma necədir? Bizneslər büdcə planlamasına nə dərəcədə ağıllı yanaşır?

– Açığı, çox şirkətlərdə marketinq hələ də “əlavə xərc” kimi görülür. Halbuki, bu xərclər brendin gələcək mövqeyini müəyyənləşdirir. 2024–2025-ci illərdə dünyada, o cümlədən Azərbaycanda rəqəmsal reklam və video kontent xərcləri 20%-ə yaxın artıb. Bu, onu göstərir ki, artıq insanlar sosial mediada daha çox vaxt keçirir və bu məkan biznes üçün əsas meydandır.

– Siz son dövrdə “Azərbaycan üçün marketinq büdcəsi və effekt modeli” adlı maraqlı bir yanaşma təqdim etmisiniz. Bu model nəyə əsaslanır?

– Bu model Azərbaycan bazar reallıqlarına uyğunlaşdırılıb. Məqsəd odur ki, istər kiçik, istər orta, istərsə də böyük bizneslər öz büdcələrini daha rasional şəkildə bölə bilsinlər. Modeldə əsas prinsip belədir. Hər səviyyənin öz prioriteti və mərhələsi var.

– Maraqlıdır, siz “Görünmək”, “Etibar”, “Təsir” mərhələlərindən danışırsınız. Bu nə deməkdir?

– Bu, əslində, brendin böyümə pillələridir.

Kiçik biznes üçün məqsəd ilk növbədə görünməkdir. İnsanlar səni tanımadan səndən almır.

Orta biznes üçün məqsəd etibar yaratmaqdır. Bu mərhələdə artıq imic və reputasiya önə çıxır.

Böyük brend üçün məqsəd təsir gücüdür. Yəni artıq sən bazara və auditoriyaya istiqamət verən gücə çevrilirsən.

Sadə dillə desək, əvvəl səni tanıyırlar, sonra sənə inanırlar, sonra isə səni izləyirlər.

– Bəs bu modeldən istifadə edən bizneslər real nəticə görə bilərmi?

– Əlbəttə! Düzgün bölünmüş büdcə brendi 6 ayda tanıda, 12 ayda sabitləşdirə, 24 ayda isə loyallıq yarada bilər. Amma unutmaq olmaz ki, marketinq təkcə reklam deyil. O, həm də strategiya, analiz, insan psixologiyası və davamlılıqdır. Biznesin qazancı, sadəcə məhsuldan yox, yaratdığı emosiyadan da gəlir.

– Son olaraq, bir cümlə ilə desək, marketinqdə uğurun sirri nədir?

– Uğurun sirri sadədir. Marketinqdə böyük büdcə yox, ağıllı büdcə qalib gəlir.

Qısacası, kiçik biznes tanınmaq üçün çalışmalı, orta biznes etibar qazanmalı, böyük biznes isə təsir edib, dəyərlər yaratmalıdır.