“Mastercard” yenilik edir

“Mastercard” yenilik edir

“Mastercard” mayın 22-də bildirib ki, şirkət müştərilərin kredit və ya debet kart nömrəsinin kibercinayətkarın əlinə keçməsindən xeyli əvvəl onun oğurlandığını aşkar etməyi planlaşdırır.

Bu həftə təqdim edilən ən son proqram yeniləməsində “Mastercard” oğurlanmış kartlardakı nümunələri daha sürətli görə biləcəyini və cinayətkarlar tərəfindən istifadə edilməzdən əvvəl banklara onları əvəz etməsinə icazə verəcəyini bildirib. Bu məqsədlə potensial fırıldaqçılığı proqnozlaşdırma texnologiyası çərçivəsində süni intellektdən istifadə olunacaq.

“Mastercard”ın təhlükəsizlik və kiberinnovasiyalar üzrə icraçı vitse-prezidenti Yohan Gerber jurnalistlərə müsahibəsində bildirib: “Generativ süni intellekt sizin maliyyə vəziyyətinizi, bank kartınızda tərəfdaşlarınız və ya ödəniş obyektləri ilə gedən prosesləri izləyərək, cinayətkar ünsürlərin hesabınıza qanunsuz müdaxıləsinin qarşısını vaxtından əvvəl ala biləcək. Həmin məqamda banklar kartınızı ləğv edəcək və yenisi ilə əvəzləyəcək”.

“Mastercard” bu yenilik ilə coğrafiya, vaxt və ünvanlar kimi digər nümunələrdən və ya kontekstli məlumatlardan istifadə edə biləcəyini və onları məlumat bazalarında görünən natamam, ancaq etibarsız kredit kartı nömrələri ilə birləşdirə biləcəyini bildirib. Belə ki, kart sahibləri təhlükə ehtimalı olan kartı daha tez əvəz edə biləcəklər.

Ekspertlər qeyd edirlər ki, hazırda milyardlarla oğurlanmış kredit kartı və debet kartı nömrələri qaranlıq internet məkanında gəzir və istənilən cinayətkar tərəfindən ələ keçirilə bilər. Onların əksəriyyəti illər ərzində məlumat bazasının pozulması nəticəsində tacirlərdən oğurlanıb, eyni zamanda, bu kartların çoxu yanacaqdoldurma məntəqəsində, bankomatda və ya onlayn ticarətdə istifadə əsnasında istehlakçılardan oğurlanıb.

Kredit və debet kartlarında çipin təminatçısı olan “EMVCo”nun məlumatına görə, hazırda dünya üzrə bütün şəxsi əməliyyatların 90 faizindən çoxu çip kartları vasitəsilə həyata keçirilsə də, ABŞ-da bu rəqəm 70 faizə yaxındır. “Mastercard”ın yeniləməsi onun əsas rəqibi olan “Visa Inc”in istehlakçıları 16 rəqəmli kredit və debet kartı nömrəsindən imtina etmə yollarını axtardığı bir vaxtda həyata keçirilir.

“Visa” keçən həftə ABŞ-da kredit və debet kartlarının necə işləyəcəyi ilə bağlı əsas dəyişiklikləri elan edib, yəni amerikalılar pul kisələrində daha az fiziki kart daşıyacaq və hər kartda çap olunan 16 rəqəmli kredit və ya debet kartı nömrəsi getdikcə əhəmiyyətini itirəcək.